1 may 2026-cı il tarixindən etibarən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyi tərəfindən həyata keçirilən “Vətənimdir Azərbaycan!” adlı layihənin icrasına başlanılmışdır.
QHT.az xəbər verir ki, layihənin əsas məqsədi Azərbaycan milli geyimlərinin, xüsusilə milli baş örtüyümüz olan kəlağayının həm ənənəvi, həm də müasir formada təqdim olunması, onun tarixi və hazırlanma texnologiyası barədə geniş ictimaiyyətin məlumatlandırılması, gənclər arasında milli-mənəvi dəyərlərə marağın artırılmasıdır.
Layihə çərçivəsində Bakı şəhərində, həmçinin Şamaxı və Sabirabad rayonlarında silsilə mədəni-kütləvi tədbirlər təşkil olunacaqdır. Tədbirlər zamanı milli geyim sərgiləri keçiriləcək, konsert proqramları təqdim ediləcək, Azərbaycan bölgələrinə aid milli geyimləri əks etdirən rəqəmsal kataloq nümayiş etdiriləcəkdir.
Layihənin icra müddəti 2 ay — 1 may–30 iyun 2026-cı il tarixlərini əhatə edir. Layihə milli irsimizin qorunmasına, gənc nəslin milli kimliyə bağlılığının gücləndirilməsinə və Azərbaycan mədəniyyətinin təbliğinə töhfə verməyi hədəfləyir.