“Bu gün Türk dünyası özünün yüksəliş dövrünü yaşayır”


Bakı Türk ölkələri QHT-lərinin həmrəylik forumuna ev sahibliyi etdi

Azərbaycanın təşəbbüsü ilə Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin qeyri-hökumət təşkilatları (QHT) ilk dəfə bir platformada toplaşıb.

Noyabrın 24-də Bakıda TDT-yə üzv ölkələrin QHT-lərinin həmrəylik forumunun açılışı olub.

Tədbir iştirakçıları əvvəlcə Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Şimali Kipr Türk Respublikası və Macarıstanın mədəniyyət nümunələrini əks etdirən stendlərlə tanış olublar.

589565648_887318943627889_6203771027956847095_n.jpg

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Prezident İlham Əliyevin forum iştirakçılarına məktubunu oxuyub.

Prezidentin məktubunda bildirilir:

Hörmətli forum iştirakçıları!

Sizi Türk Dövlətləri Təşkilatına üzv ölkələrin qeyri-hökumət təşkilatlarının həmrəylik forumunda ürəkdən salamlayıram.

Türk dövlətlərinin artan potensialı və qlobal müstəvidə gündən-günə güclənən mövqeyi daha iddialı məqsədlərin qarşıya qoyulmasını, birgə səylərin artırılmasını, bütün sahələrdə əməkdaşlığın dərinləşdirilməsini, çevik mexanizmlərin yaradılmasını zəruri edir. İlk dəfə keçirilən Türk Dövlətləri Təşkilatına üzv ölkələrin qeyri-hökumət təşkilatlarının həmrəylik forumu bu istiqamətdə atılmış mühüm addımdır.

588407888_887319853627798_6216989761655579233_n.jpg

Regionda və dünyada sülh, təhlükəsizlik, sabitlik, tərəqqi ideyalarına sadiq olan dost və qardaş xalqlarımızı ortaq etnik köklər, tarix, dil, mədəniyyət, ənənələr və dəyərlər möhkəm bir ailə kimi birləşdirir, türk dövlətlərinin vahid güc mərkəzi kimi çıxış etməsini şərtləndirir.

Azərbaycan Türk Dövlətləri Təşkilatına hazırda sədrlik edən ölkə kimi üzv ölkələrin vətəndaş cəmiyyəti təsisatları arasında da ictimai kommunikasiyanın gücləndirilməsinə çalışır. Bu günlərdə Bakıda Türk Dövlətləri Təşkilatına üzv ölkələrin Qızıl Aypara Cəmiyyətləri Prezidentlər Şurasının iclasının keçirilməsi, QHT-lərin indiki həmrəylik forumu və ardınca TDT-nin media və informasiya üzrə məsul nazirlərinin və yüksəkvəzifəli rəsmilərinin növbəti toplantısı bu sahədə aparılan işlərin miqyasını və çoxşaxəli xarakterini nümayiş etdirir.

Bu gün Türk dünyası özünün yüksəliş dövrünü yaşayır. Beş il əvvəl qazandığımız Qarabağ Zəfəri türk xalqlarının ümumi sevinci və qürur mənbəyidir. İnanıram ki, hazırda yenidən qurulan Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları, açılacaq Zəngəzur dəhlizi türk dövlətləri arasında əməkdaşlığın inkişafında və möhkəmlənməsində mühüm rol oynayacaqdır.

Azərbaycan Türk Dövlətləri Təşkilatına üzv ölkələrlə ikitərəfli və çoxtərəfli əsasda QHT-lər üçün tarix, mədəniyyət, ekologiya, iqlim siyasəti və digər sahələrdə ortaq qrant müsabiqələri elan etməyə, qarşılıqlı kommunikasiyanı gücləndirən layihələri dəstəkləməyə hazırdır.

2026-cı ildə 100 illiyi keçiriləcək Birinci Türkoloji Qurultayın türk xalqlarının mədəni inteqrasiyası məsələləri ilə bağlı yarımçıq qalmış işlərinin QHT-lərin yaxından iştirakı ilə müasir çağırışlara uyğun davam etdirilməsi də xüsusi aktuallıq kəsb edir.

586806294_887319763627807_6516644833047557007_n.jpg

Türk dünyası QHT-lərinin BMT və digər beynəlxalq təsisatlar çərçivəsində birgə, koordinasiyalı fəaliyyəti, vahid platformada birləşməsi ümumi işimizə və məqsədlərimizə böyük töhfə verə bilər.

Əminəm ki, forum zamanı quracağınız əməkdaşlıq əlaqələri Türk dünyasında həmrəyliyin, birliyin və ölkələrimiz arasında münasibətlərin daha da möhkəmlənməsinə xidmət edəcəkdir.

Sizi bir daha Azərbaycanda salamlayır, forumun işinə uğurlar arzulayıram.

***

Açılış mərasimində çıxış edən QHT-lərə Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva bildirib ki, Vətən müharibəsində qazanılan Zəfər təkcə Azərbaycanın deyil, bütün Türk dünyasının uğurudur və bu Qələbə ortaq birliyin və həmrəyliyin təntənəsidir. O, səkkiz ölkədən 500-ə yaxın nümayəndənin Bakıda qəbul edilməsindən məmnunluq ifadə edərək forumun yeni əməkdaşlıq istiqamətlərinin formalaşmasına və ortaq layihələrin sistemli icrasına töhfə verəcəyini vurğulayıb.

Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) Bakı ofisinin rəhbəri Hayrettin Özçelik isə qeyd edib ki, qurumun əsas vizyonu ölkələrin iqtisadi, sosial və humanitar inkişafını təşviq etmək, ortaq tarixi və mədəni irs üzərində gələcəyi formalaşdırmaqdır. O bildirib ki, Bakı ofisi bu istiqamətdə 2 minə yaxın layihə həyata keçirərək Türk dünyasında əməkdaşlığın genişlənməsinə töhfə verir.

Açılış nitqlərindən sonra iki panel müzakirəsi keçirilib.

“Zəngəzur dəhlizi: türk coğrafiyasını birləşdirən körpü” mövzusunda keçirilən panel müzakirəsində regional əməkdaşlıq və vətəndaş cəmiyyətinin təşəbbüsləri əsas müzakirə mövzusu olub. Paneldə Türkiyənin Daxili İşlər Nazirliyinin Vətəndaş Cəmiyyəti ilə Əlaqələr Baş İdarəsinin direktor müavini Özcan Aygün, Özbəkistan Ali Məclisinin Qanunvericilik Palatasının Komitə sədri Babur Bekmuradov, Qazaxıstanın Mədəniyyət və İnformasiya Nazirliyi yanında Vətəndaş Cəmiyyəti Məsələləri Komitəsi sədrinin müavini Zhanargül Alzhanova, Türkmənistanın “CAER” Layihə Ofisinin direktoru Mergen Kepbanov, Macarıstanın “Danube” İnstitutunun icraçı direktoru İstvan Kiss, eləcə də Şimali Kipr Türk Respublikasının Daxili İşlər Nazirliyinin aparat rəhbəri Mehmet Ercilasun çıxış ediblər.

“Azərbaycan-Qazaxıstan QHT-lərinin I Əməkdaşlıq Forumu”na həsr olunan panel müzakirələrində iki ölkənin vətəndaş cəmiyyəti institutları arasında əməkdaşlığın mövcud vəziyyəti və perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Paneldə “Bakı Politologiya Klubu” İctimai Birliyinin sədri Zaur Məmmədov, Qazaxıstanın “Sənin Gələcək” Respublika İctimai Birliyinin sədri Zhansaya İsmagulova, “Community Hub” İctimai Fondunun direktorları Asiya Tiryakova və Assiya Tikeyeva, “İkinci Respublika” İctimai Fondunun rəhbəri Ayan Turekulov, “Ortaq dəyərlər” Azərbaycanın İctimai Birliyinin sədri Aqil Camal, “İctimaiyyətlə Əlaqələrin İnkişafına Kömək” İctimai Birliyinin sədri Şəlalə Həsənova və Gəncliyin Sosial-İqtisadi İnkişafına Yardım İctimai Birliyinin üzvü Hacıbəy Heydərli çıxış ediblər.

586008853_887339506959166_7363966098723730240_n.jpg

Aqil Camal təklif edib ki, 24 Noyabr Türk Dövlətləri Təşkilatına üzv ölkələrin QHT-lərinin həmrəylik günü kimi qeyd olunsun.

Tədbir bədii-mədəni proqramla yekunlaşıb, forum isə işini Naxçıvanda davam etdirib.

Aytən Yaşar


MANŞET XƏBƏRLƏRİ