Əminə Ərdoğan: “Türk kulinariyasının zənginliyi və ənənələri qərəzləri azaldır, sülh mədəniyyətini təbliğ edir”


Türkiyə Cümhuriyyəti Prezident Administrasiyası Kommunikasiya İdarəsi tərəfindən Qazinatepdə 21-27 may tarixlərində “Türkiyənin Qastrodiplomatika Modeli: Süfrə və İrs” proqramı keçirilib.

Türkiyə Prezidentinin xanımı Əminə Ərdoğanın himayəsi altında Türkiyədə 2022-ci ildən bəri beynəlxalq media nümayəndələrinin də iştirakı ilə “Türk Mətbəxi Həftəsi” keçirilir.

Bu ilki “Türk Mətbəxi Həftəsi”nı müxtəlif ölkələrdən mütəxəssislər qatılıb.

Türkiyə Kommunikasiya İdarəsinin Beynəlxalq Media Koordinatoru Dr. Gözde Kirişçioğlunun rəhbərliyi ilə Amerika, Azərbaycan, Özbəkistan, Yunanıstan, Hindistan, Cənubi Koreya, Misirdən olan media nümayəndələri, yerli mətbuat, eləcə də də YUNESKO nümayəndələri müxtəlif başlıqlı proqramlarda iştirak edib.
“Türkiyənin qastrodiplomatiya modeli: süfrə və irs” tədbirlər silsiləsinin açılışı Qaziantepdəki Panorama 25 Dekabr Muzeyində (Qaziantep Müdafiəsi Qəhrəmanlıq Muzeyi) baş tutub.

Açılış mərasimində səsləndirilən mesajlarda türk mətbəxinin yalnız reseptlər və dadlardan ibarət olmadığı, əsrlərin yaddaşını, ənənələrini və mədəni irsini yaşadan böyük bir sivilizasiya xəzinəsi olduğu xüsusi vurğulanıb.

Qaziantep Böyükşəhər Bələdiyyəsi başqanının müavini Feray Yılmaz qastronomiyanın sadəcə yeməklərdən ibarət olmadığını, xalqların tarixini, həyat tərzini və mədəni yaddaşını yaşadan mühüm bir irs olduğunu bildirib.

Qaziantepin əsrlər boyu müxtəlif sivilizasiyaların qovuşduğu qədim şəhərlərdən biri olduğunu xatırladan Yılmaz şəhərin İpək Yolu üzərində yerləşməsini yalnız ticarət deyil, həm də mədəniyyət və kulinariya ənənələrinin kəsişmə nöqtəsi adlandırıb.

Qaziantep valisi Kemal Çeber çıxışında qeyd edib ki, qastronomiya artıq təkcə kulinariya sahəsi deyil, eyni zamanda ölkələrin mədəniyyətini dünyaya tanıdan mühüm diplomatik vasitədir.

Valinin fikrincə, türk dövlətlərinin kimliyini, tarixini oxşar ənənələr və rəngarəng süfrələr də bir araya gətirir: “Türk dünyasının yeməkləri, ədviyyatları, bişirmə üsulları hamısı eyni ənənələrdən və türk mədəniyyətindən gəlir. Ona görə də biz süfrə mədəniyyətimizin də mövcud potensialını nümayiş etdirməliyik, Türk Dövlətləri Təşkilatının şətiri altında qastronomiyamızı da birləşdirməli, süfrələrimizin zənginliyi təcrübələrini bölüşməliyik".

Tədbirdə Türkiyə Cümhuriyyəti Prezident Administrasiyası Kommunikasiya İdarəsinin rəhbəri professor Burhanettin Duranın video müraciəti də təqdim olunub.
Müraciətdə türk mətbəxinin sadəcə zəngin yemək çeşidləri ilə deyil, əsrlər boyu formalaşan tarixi yaddaşı və mədəni dəyərləri ilə də Türkiyənin ən böyük sərvətlərindən biri olduğu vurğulanıb.

Burhanettin Duranın sözlərinə görə, süfrə yalnız yemək yeyilən yer deyil; insanların bir araya gəldiyi, duyğularını paylaşdığı və nəsillərin bir-birinə bağlandığı mənəvi məkandır.

Türkiyə Prezidentinin xanımı Əminə Ərdoğanın video müraciəti səsləndirilib. Əminə Ərdoğan deyib ki, türk mətbəxi insanlığın ortaq yaddaşını yaşadan böyük bir sivilizasiya mirasıdır. O, bildirib ki, doğmalıq, ünsiyyət, məna, mədəniyyət, ailə və dəyərlər toplumu olan türk süfrələri bu səbəbdən yalnız ləzzət təqdim etmir: “Həm də gələcəyimizi birbaşa təhdid edən bir çox çətinliklərlə, məsələn, iqlim dəyişikliyi, qlobal aclıq və yerli kimliklərin itirilməsi ilə qarşılaşdığımız bir mərhələdə Türk mətbəxi sağlam reseptləri, sıfır tullantı yanaşması və davamlı, ekoloji cəhətdən təmiz istehsal üsulları ilə bəşəriyyətə həllər və ümid təqdim edir”.

Əminə Ərdoğanın fikrincə, türk kulinariyasının zənginliyi və ənənələri qərəzləri azaldır, sülh mədəniyyətinin təbliğ edir: “Arzum budur ki, Türk mətbəxi təkcə dad-ləzzətləri ilə deyil, həm də təcəssüm etdirdiyi müdriklik və insani dəyərlərə görə dünyada layiq olduğu şəkildə kəşf edilsin. Anadolunun ruhu dünyanın hər yerinə çatsın, türk qastronomiyasının qədim xəzinələri bəşəriyyətə sağlamlıq, sülh və rifah gətirsin”.

Qeyd edək ki, “Qaziantepdə qastrodiplomatiya: süfrə və irs” adlı paneldə şəhərin zəngin gastronomiya irsinin mədəni diplomatiyaya təsiri və beynəlxalq tanıtım imkanları müzakirə edilib.

Qaziantep Universiteti Turizm fakültəsinin qastronomiya və mətbəx sənətləri bölməsinin müəllimi professor Atınç Olcayın moderatorluğu ilə keçirilən paneldə alimlər, qastronomiya araşdırmaçıları, kulinariya yazarları və tanınmış paxlava ustaları çıxış edərək türk mətbəxinin beynəlxalq səviyyədə daha geniş tanıdılması yolları barədə fikirlərini bölüşüblər.

Şimali Kipr Türk Respublikasındakı 16 fərqli universitetdə qastronomiya və turizm ixtisası üzrə təhsil alan təxminən 100-dən çox əcnəbi tələbə türk mətbəxindən seçilmiş nümunələrlə tanış olublar.

Onu da bildirək ki, tədbir çərçivəsində şəhər valisi Kamal Çeber xarici media nümayəndələrini qəbul edib. Qaziantepin tarixi barədə geniş məlumat verən vali bildirib ki, potensialı ilə Türkiyəyə böyük töhfələr verən bu rayon ən çox qastronomiya və sənayesi ilə tanınır. Çeber Qaziantəpin YUNESKO-nun Yaradıcı Şəhərlər Şəbəkəsinə daxil edilməsinin bu rayonun beynəlxalq səviyyədə tanınmasını artırdığını da qeyd edib.

Bundan başqa Qaziantepin zəngin qastronomik irsinə və türk süfrə ənənələrinə yönəlmiş kulinariya seminarları, mədəni səfərlər və sahə təcrübələri keçirilib.
Kommunikasiya İdarəsi əməkdaşlarının müşayiəti ilə Qaziantepin tarixi yerləri ziyarət edilib.

Turkustan.az

Açıklama yok.

Açıklama yok.Açıklama yok.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.


MANŞET XƏBƏRLƏRİ