Böyük Britaniya tərəfindən saxlanılan və Rusiyanın “kölgə donanması” ilə əlaqələndirilən "Smyrtos" tankerindəki təxminən 100 min ton neftin satışa çıxarılması planlaşdırılır.
Turkustan.az xəbər verir ki, Britaniya hökuməti müsadirə edilmiş neftin satışından əldə olunacaq vəsaitin Ukraynaya dəstək məqsədilə istifadə olunmasını nəzərdən keçirir.
"The Telegraph" yazıb ki, Britaniya hakimiyyəti neftin hüquqi baxımdan Londona məxsus olduğunu hesab edir və onun satışı üçün hərrac təşkil edə bilər.
Tankerdəki 100 min ton neftin dəyərinin təxminən 35 milyon funt sterlinq (təxminən 46 milyon ABŞ dolları) olduğu bildirilir. Əldə ediləcək vəsaitin birbaşa Kiyevə verilməsi, yaxud hərbi texnikanın alınmasına yönəldilməsi variantları nəzərdən keçirilir. Bundan başqa, neftin ölkədaxili istehlak üçün istifadəsi də mümkün variantlar sırasındadır.
Mənbələrin sözlərinə görə, neft satıldıqdan və sanksiyaların pozulması ilə bağlı araşdırma başa çatdıqdan sonra tanker limanı tərk edə biləcək.
Xatırladaq ki, Böyük Britaniya iyunun 14-də La-Manş boğazında Kamerun bayrağı altında üzən "Smyrtos" neft tankerini saxlayıb. London gəminin Rusiya ilə əlaqəli olduğunu iddia etsə də, tankerin göyərtəsində Rusiya vətəndaşlarının olmadığı qeyd olunur./publika.az