Hərbi qulluqçular üçün şəxsi jeton tətbiq olunur


Azərbaycanda hərbi qulluqçuların şəxsi jetonla təmin edilməsi qaydası və gənclərin çağırışaqədərki hazırlığı haqqında əsasnamənin təsdiq edilməsi səlahiyyətləri tənzimlənir.

Turkustan.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunlarda dəyişiklik edilməsi barədə Qanunu imzalayıb.

Dəyişikliyə əsasən, “Hərbi xidmətkeçmə haqqında” Əsasnaməyə əlavə edilən yeni maddə ilə hərbi qulluqçuların xidmət etdikləri dövlət orqanları və ya həmin orqanların strukturuna daxil olan qurumlar tərəfindən şəxsi jetonla təmin olunması məsələsi “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunla idarə olunacaq.

“Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanuna edilən düzəlişlə ilk dəfə şəxsi jeton anlayışı qanunvericiliyə daxil edilib. Şəxsi jeton – həlak olmuş, ölmüş, yaralanma, travma və ya kontuziya formasında xəsarət almış hərbi qulluqçuların şəxsiyyətini müəyyən etmək üçün istifadə edilən, fərdi identifikasiya nömrəsini və qan qrupunu özündə əks etdirən nişandır.

Qanuna əlavə edilən digər bəndlərlə hərbi qulluqçuların şəxsi jetonla təmin edilməsi, jetonun təsviri, xüsusiyyətləri, uçotunun aparılması qaydası, eləcə də gənclərin çağırışaqədərki hazırlığı haqqında əsasnamə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum tərəfindən təsdiqlənəcək.


MANŞET XƏBƏRLƏRİ