Bu gün Azərbaycan Ordusu regionun ən güclü ordularından birinə çevrilib.
İyunun 26-sı Ümummilli Lider Heydər Əliyevin 1998-ci il 22 may tarixli Fərmanına əsasən, hər il ölkəmizdə Silahlı Qüvvələr Günü kimi qeyd edilir.
1918-ci ildə əsası qoyulan milli ordumuz Ulu Öndərin rəhbərliyi dövründə möhkəmlənərək müasir dövrdə regionun ən qüdrətli hərbi qüvvələrindən biri statusunu qazanıb.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazanılan tarixi Zəfər isə Azərbaycan Ordusunun gücünü və peşəkarlığını bütün dünyaya nümayiş etdirib.
Müasir çağırışlar fonunda Azərbaycan Ordusunun qarşısında duran əsas vəzifələr nədən ibarətdir?
Deputat Azay Quliyev "Cebheinfo.az"-a açıqlamasında bildirib ki, Azərbaycan Ordusunun zəfəri dünya hərb tarixində xüsusi yer tutur:

“Ordumuz təkcə regionun deyil, dünyanın diqqət mərkəzindədir. Hazırda Azərbaycan Ordusu bu gün təkcə regionun deyil, dünyanın diqqətlə izlədiyi ordulardan biridir.
Belə ki, ordumuz dünyada son 80 ildə ölkəsini işğaldan azad edən, ərazi bütövlüyünü, suverenliyini tam təmin edən yeganə qalib və müzəffər ordudur".
Deputat əlavə edib ki, hazırda müasir texnologiyaların tətbiqi ilə qələbə qazanan ilk ordu Azərbaycan Ordusudur:
"Məhz Azərbaycan Silahlı Qüvvələri dünyada ilk dəfə müasir yüksək texnologiyaları real müharibə şəraitində tətbiq edərək azadlıq savaşını qazanan silahlı qüvvələrdir. Başqa sözlə, dünya hərb tarixinə ilk dəfə olaraq dron müharibəsi anlayışını gətirən və onu uğurla tətbiq edən ordu məhz Azərbaycan Ordusudur.
Azərbaycandan sonra Ukrayna da ölkəmizin bu təcrübəsindən faydalanmağa başladı".
Azay Quliyev vurğulayıb ki, Azərbaycan Ordusu döyüş təcrübəsi sayəsində daha da güclənib:
"Bu gün Azərbaycan Ordusu təlimlərdə deyil, real müharibədə təcrübə qazanan, möhkəmlənən və güc toplayan ordudur. Hazırda Azərbaycan Silahlı Qüvvələri döyüşdə qazandığı təcrübəni daha da təkmilləşdirib, yol verilən boşluqları operativ şəkildə aradan qaldırıb. Artıq ölkədə tamamilə yeni, müasir komanda-idarəetmə sisteminə malik ordu yaradılıb".
O əlavə edib ki, Azərbaycan Ordusu qarşıdakı illərdə də təhlükəsizliyin qarantı olacaq:
"Hazırda Azərbaycan Silahlı Qüvvələri Cənubi Qafqazda sülhün, təhlükəsizliyin əsas təminatçısıdır və bu missiyanı qarşıdakı illərdə də davam etdirəcək. Bundan başqa, Azərbaycan Silahlı Qüvvələri regionda baş verən digər münaqişələrdən və bütövlükdə, istənilən ölkədən qaynaqlana biləcək hər bir təhdidi nəzərə almalıdır, daim ayıq-sayıq olmalıdır".
O bildirib ki, Azərbaycan Silahlı Qüvvələrinin mühüm missiyalarından biri də türk dövlətləri ilə əməkdaşlığı gücləndirməkdir:
"Məhz Azərbaycan Silahlı Qüvvələrinin digər mühüm missiyası qardaş və dost türk dövlətləri ilə əməkdaşlığı daha da dərinləşdirmək, türk dünyasının vahid ordu quruculuğuna töhfə vermək və öz zəngin təcrübəsini bölüşməkdən ibarətdir".
Azay Quliyev sonda 26 iyun – Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan hərbçilərini təbrik edib:
"Başda Müzəffər Ali Baş Komandan olmaqla, Azərbaycan Silahlı Qüvvələrinin bütün şəxsi heyətini ürəkdən təbrik edir, milli maraqlarımızın təmin olunması və Vətənimizin təhlükəsizliyinin qorunması istiqamətində uğurlar arzulayıram".