Dezinformasiyanı “tərksilah” edən əsas vasitə: Media savadlılığı nə üçün lazımdır?


Elmi-texniki tərəqqinin müşahidə olunan inkişafı özü ilə birlikdə müəyyən paradoksal proseslərə də meydan verməkdədir. Bunun ən bəsit nümunələrindən biri odur ki, vaxtilkə insanlar ölkələrində və dünyada baş verən hadisələrdən xəbər tutmaq üçün müxtəlif mənbələrdən informasiya əldə etməyə çalışırdılarsa, müasir dövrdə bu məcburiyyət demək olar, tamamilə ortadan qalxıb.

Konkret desək, texnoloji inkişaf şəraitində artıq insanın xəbəri yox, xəbərin insanı təqib etdiyinin şahidiyik. Çünki “ağıllı telefon”un ekranını açan kimi mətn və video formasında informasiya axını ilə üzləşirik. Doğrudur, xüsusi əziyyət çəkmədən və vaxt itirmədən xəbər bolluğuna düşməyin bəlkə də özünə görə müəyyən üstünlükləri var. Lakin informasiya çoxaldıqca, oxucunun doğru məlumatı feyk xəbərlə qarışdırmaq, saysız məlumatların içində itib-batmaq riski də artır.

Bu gün insanlarin informasiya tələbatını əsasən sosial şəbəkələr vasitəsilə təmin etdikləri məlumdur. Ona görə də bir çox hallarda fərdlərin sosial şəbəkədən öyrəndikləri hadisə haqqında ilkin təsəvvürləri peşəkar medianın yayımladığı obyektiv materialı arxa plana keçirərək informasiya mühitini əsaslı surətdə dəyişir. Yaranmış reallıqda əhəmiyyəti birə min artan media savadlılığı əsas müdafiə mexanizminə çevrilərək insanın informasiya təhlükəsizliyini qorumaqla həlledici rol oynayır.

“Deepfake” texnologiyalarının təkmilləşməsi dezinformasiya yayanlara saxta məlumatları mütləq həqiqət qismində göstərməyə geniş imkanlar yaradır. Bu səbəbdən, feyk xəbərlərin auditoriyaya inandırıcı formada təqdim olunması heç bir çətinlik törətmir. Belə xəbərlər üçün xüsusi seçilən nüfuzedici başlıqlar, sesnsasion xarakterli təqdimatlar insanları öz cazibəsinə salır. Sosial şəbəkə alqoritmlərinin məhz belə informasiyaları ön plana çıxarması ilə məqsədli şəkildə ortaya atılan saxta xəbərin arealı sürətlə genişlənir.

Sözsüz, burada insan psixologiyasını nəzərə almamaq olmaz. Çünki fərdlər adətən onların emosional vəziyyətlərini dəyişə bilən xəbərlərə daha həssas reaksiya verirlər. Dezinformasiya resursları da öz fəaliyyətlərində bunu nəzərə alaraq yaydıqları saxta məlumatların emosional yükünü maksimum artırmağa çalışırlar. Onlar bilirlər ki, duyğusal vəziyyətlərində insanların analiz qabiliyyəti korşalır və təhlil zərurətinin yerini sövq-təbii reaksiya tutur. Media savadlılığı isə insanın düşünmə refleksini qoruyaraq xəbərə soyuq başla yanaşmasını təmin edir, sinxron analiz aparır və uyğun nəticəyə gəlir. Bu isə media savadlılığını texniki bilikdən daha çox düşüncə mədəniyyəti halına gətirərək onu informasiya ilə davranış tərzi kimi dəyərləndirməyə imkan verir.

Bir çox hallarda insanlar dezinformasiyanın yalnız siyasi məqsədlər naminə yayıldığını düşünürlər. Əslində, siyasi məsələlər dezinformasiyanın əsas istiqmətlərindən sadəcə biridir. Diqqət etsək, manipulyasiyaların səhiyyədən tutmuş iqtisadiyyata, sosial və gündəlik məişət mövzularını da əhatə etdiyini görərik. Cəmi bir neçə il əvvəl bütün dünyanı cənginə alan koronavirus pandemiyası zamanı saxta xəbərlər vasitəsilə insanların təşvişə salındığını, onlarda sabaha inamın necə sarsıdıldığını yaxşı xatırlayırıq. Hazırda pandemiya dövrü geridə qalmış olsa da, yalan məlumatlar “konveyer”i öz fəaliyyətini dayandırmayıb.

Aydındır ki, saxta xəbərlər media savadlılığının zəif olduğu cəmiyyətlərdə özünə daha tez meydan tapır, bu şəraitdə insanları manipulyasiya etmək də asanlaşır. Çünki bu kateqoriyaya aid insanlarda məlumatlı dəqiqləşdirmək və mənbənin etibarlılığını yoxlamaq kimi vərdişlərin formalaşmaması dezinformasiyanın yayılmasına münbit zəmin yaradır. Digər tərəfdən, saxta xəbərlərin kütləviləşməsinə insanların doğru olmayan məlumatları kortəbii şəkildə paylaşmalarının da təsir göstərdiyi qeyd olunmalıdır. Yəni media savadı olmayan fərdlər də bəzən özləri fərqində olmadan dezinformasiyanın daşıyıcısına çevrilə bilirlər.

Mövcud şəraitdə media savadlılığına məktəblərdə və universitetlərdə xüsusi diqqət yetirilməsinin vacibliyi qətiyyən şübhə doğurmur. Mütəxəssislər də bu fikirdədirlər ki, fərdləri informasiya ilə təmin etməklə yanaşı, onlara, xüsusilə rəqəmsal platformaların ən fəal istifadəçiləri olan gənclərə informasiyanı analiz etmək bacarığı aşılanmalıdır. Əks halda, feyk xəbərlərin miqyası və təsiri davamlı olaraq artacaq.

Dezinformasiya təhlükəsini müasir dünyanın əsas problemlərindən biri adlandıran media eksperti Yadigar Məmmədli bildirib ki, bu çərçivədə ayrı-ayrı fərdlərə və qruplara yönələn risklər peşəkar mətbuatı da zaman-zaman təhdid etməkdədir:

“Son dönəmlərdə texnologiyaların inanılmaz inkişafı fonunda sosial şəbəkə platformalarının geniş yayılması, həyatımızın ayrılmaz hissəsinə çevrilməsi artıq dəyişilməsi mümkünsüz görünən bir reallıqdır. Belə bir şəraitdə bizi dərindən düşündürən məqamlardan biri və birincisi dezinformasiya dalğasının həyatın bütün sahələrini öz təsirinə məruz qoymasıdır. Nə qədər acınacaqlı olsa da, bu gün sosial şəbəkələrdə saxta xəbərlərin paylaşılması, böhtan, iftira, təhqir, qarayaxma, gözdənsalma kimi kampaniyaların aparılması, kimlərinsə davamlı linç edilməsi adi hal alıb. Bütün bunlar isə özlüyündə getdikcə daha da kəskinləşən problemlərə yol açır.
Burada ayrı-ayrı fərdlər və qruplara yönələn risklərin peşəkar medianı da zaman-zaman təhdid etdiyi xüsusi vurğulanmalıdır. Nəzərə alaq ki, yaxın onilliklərə qədər cəmiyyətin informasiya təminatçısı jurnalistlər olsa da, indi fərqli situasiyalarda mətbuat və media mənsublarının özləri də dezinformasiyanın hədəfinə çevriliblər. Təəccüblüdür ki, hərdən saxta məlumatların paylaşılmasına görə məsuliyyətin mətbuatın, həmçinin media qurumları və jurnalistlərin üzərinə qoyulması cəhdlərinə də rast gəlmək olur”.

Dezinformasiyaya qarşı mübarizədə media savadlılığının zəruriliyini vurğulayan ekspert hesab edir ki, bu istiqamətdə maarifləndirici tədbirlərin davamlı şəkildə həyata keçirilməsinə ehtiyac var:

“Bu yanaşma fonunda media savadlılığının zəruriliyi ön plana çıxır. Ümumiyyətlə, saxta xəbərlərin geniş yayıldığı bir durumda həm jurnalistlərin, həm də oxucu kütləsini təşkil edən fərdlərin ümumi biliklərini artırmaları çox faydalı olardı. Yəni media savadlılığı dezinformasiya ilə mübarizədə ilkin şərt kimi çıxış etməlidir. Təbii, bu barədə fikir bildirərkən mediada maarifləndirici materialların davamlı yayımının və cəmiyyətin ictimai etimad qazandıran obyektiv informasiyalarla təmin olunmasının vacibliyini də diqqətə çatdırmaq lazımdır.

Cəmiyyətdə media savadlılığının artması oxuculara real və saxta xəbərləri fərqləndirmək imkanı verəcək, dezinformasiya yayan resursları daha tez müəyyənləşdirmələrinə yardımçı olacaq. Buna görə də media savadlılığı haradasa ümumi məfhum kimi görünsə də, onun dezinformasiya ilə mübarizədə böyük əhəmiyyət daşıdığı nəzərə alınmalıdır”.

A.Zeynalov

Yazı “Jurnalist Araşdırmaları Mərkəzi” İB-nin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyələşdirdiyi "Dezinformasiya ilə mübarizənin təşviqi" layihəsi çərçivəsində hazırlanıb.

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının  yeni tərkibi təsdiq edilib - AZƏRTAC

Məqalələrin məzmununda əks olunan fikirlərə görə “Jurnalist Araşdırmaları Mərkəzi” məsuliyyət daşıyır. Fikir və mülahizələr Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin rəsmi mövqeyini əks etdirməyə bilər.


MANŞET XƏBƏRLƏRİ