
Əliməmməd Nuriyev
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 iyun 2026-cı il tarixli 188 nömrəli qərarı ilə "Dövlət büdcəsindən maliyyələşdirilən və qeyri-hökumət təşkilatlarına qrant, dövlət sifarişi, subsidiya və digər maliyyə dəstəyi göstərə bilən qurumlar tərəfindən həyata keçirilən maliyyələşdirmə prosesinin "bir pəncərə" prinsipi əsasında təşkili Qaydası" təsdiq edildi.
Son günlər qərarın ayrı-ayrı aspektləri geniş müzakirə olunur. Xüsusilə kiçik qrantların məbləğinin artırılması, böyük qrantlar üzrə məhdudiyyətlərin aradan qaldırılması, vahid məlumat bazasının yaradılması və rəqəmsal mexanizmlərin tətbiqi diqqət mərkəzindədir.
Şübhəsiz, bunlar mühüm yeniliklərdir. Amma qərarın əsl mahiyyəti bunlarla məhdudlaşmır. Bu, dövlətin vətəndaş cəmiyyəti siyasətinə yanaşmasında, QHT-lərin maliyyələşdirilməsinin idarə olunmasında və büdcə vəsaitlərinin nəticələrinin qiymətləndirilməsində baş verən daha dərin dəyişikliklərin göstəricisidir. Uzun illərdir bu sahədə çalışan biri kimi düşünürəm ki, dəyişikliklərin mahiyyətini anlamaq üçün iki suala cavab vermək lazımdır:
· Koordinasiyaya niyə ehtiyac duyuldu?
· Bu missiya niyə məhz QHT-lərə Dövlət Dəstəyi Agentliyinə həvalə edildi?
Koordinasiyaya niyə ehtiyac duyuldu?
Uzun müddət müxtəlif dövlət qurumları öz fəaliyyət istiqamətlərinə uyğun olaraq QHT layihələrini maliyyələşdirib, dövlət sifarişləri verib və vətəndaş cəmiyyəti ilə əməkdaşlıq ediblər. Bu təcrübə özünü doğruldub, vətəndaş cəmiyyətinin inkişafına töhfə verib. Zaman keçdikcə yeni suallar ortaya çıxdı: Büdcədən QHT sektoruna cəmi nə qədər vəsait ayrılır? Bu vəsait necə bölüşdürülür? Layihələr ölkənin strateji prioritetləri ilə nə dərəcədə üst-üstə düşür? Eyni mövzulara təkrar-təkrar baxılan layihələr varmı? Hansı sahələr kənarda qalır? Ayrılan pulların ictimai faydası necə ölçülür?
Əslində bu suallar təkcə QHT sektoruna aid deyil. Bütün sahələrdə dövlət maliyyəsinin idarə olunması, siyasətlərin effektivliyi və büdcə vəsaitlərinin səmərəliliyi ilə bağlıdır. Son illər dövlət idarəçiliyində nəticəyönümlülük, rəqəmsallaşma və səmərəlilik daha çox ön plana çıxır. Bu baxımdan koordinasiya mexanizminin yaradılması təsadüfi deyil.
Bunu əlavə nəzarət kimi yox, vəsaitlərin daha yaxşı planlaşdırılması, təkrarların qarşısının alınması, prioritetlərin dəqiqləşdirilməsi və nəticələrin obyektiv qiymətləndirilməsi istiqamətində atılmış addım hesab edirəm.
Missiya niyə məhz Agentliyə həvalə edildi?
Ən çox müzakirə olunan məsələlərdən biri koordinasiya funksiyasının Agentliyə verilməsidir. Bunun arxasında həm praktiki, həm də institusional səbəblər var. Agentlik son illərdə qrant müsabiqələrinin təşkili, layihələrin qiymətləndirilməsi, monitorinq, hesabatlılıq və rəqəmsal idarəetmə sahəsində ciddi təcrübə toplayıb. Dövlət yeni qurum yaratmaqdansa, mövcud potensialdan istifadə etməyi üstün tutub – bu, həm resurslara qənaət, həm də davamlılıq baxımından başadüşüləndir.
Amma bu qərarı təkcə Agentliyin səlahiyyətlərinin genişlənməsi kimi qəbul etmək səhv olar. Əslində, Agentliyin üzərinə düşən yük də artır. Artıq söhbət sadəcə qrant müsabiqələrindən getmir. Söhbət dövlətin QHT siyasətinin əlaqələndirilməsi, müxtəlif qurumlar arasında körpülərin qurulması, məlumatların ümumiləşdirilməsi və nəticələrin qiymətləndirilməsindən gedir. Yeni yanaşma Agentliyə həm yeni vəzifələr, həm də yeni öhdəliklər qoyur. Qısası, sözgüdən qərar səlahiyyətdən çox, göstərilən etimad və artan məsuliyyət kimi dəyərləndirilməlidir.
"Bir pəncərə" rəqəmsal platforması - şəffaflıq və səmərəlilik aləti
Koordinasiya mexanizminin əsas dayaqlarından biri vahid rəqəmsal platformadır. Müxtəlif dövlət qurumlarının QHT-lərlə bağlı maliyyə proseslərini vahid məkanda birləşdirən platforma sistemi dağınıq fəaliyyətlər toplusundan vahid ekosistemə çevirmək potensialına malikdir. Məlumatların real vaxt rejimində işlənməsi qərarları sürətləndirəcək, təkrarlanan və ya bir-biri ilə ziddiyyət təşkil edən layihələrin qarşısını alacaq, ən əsası isə prosesi ictimai nəzarət üçün şəffaf edəcək.
Digər dövlət qurumlarının rolu necə dəyişəcək?
Ən çox maraq doğuran məqamlardan biri digər dövlət sifarişçilərinin taleyidir. Qeyd etmək lazımdır ki, söhbət onların səlahiyyətlərinin məhdudlaşdırılmasından və ya kənarlaşdırılmasından getmir. Əksinə, yeni qaydalar onlara öz sahəvi prioritetləri əsasında QHT-lərlə əməkdaşlıq etmək hüququnu saxlayır. Sadəcə, proses daha mütəşəkkil formaya düşür. Artıq hər bir qurum öz sahəsində təcrid olunmuş "ada" deyil, Agentliyin əlaqələndirici rolu sayəsində ümumi dövlət siyasətinin bir parçasıdır. Bu, fərdi təşəbbüslərdən sistemli, bir-birini tamamlayan və strateji hədəflərə xidmət edən əməkdaşlıq modelinə keçiddir.
Kiçik qrantların artırılması nə ilə əlaqədardır?
Bəzən belə sual doğur, ölkədə optimallaşdırma aparıldığı halda, qrant məbləğləri niyə artırılır? Optimallaşdırma təkcə xərclərin azaldılması demək deyil, ilk növbədə resurslardan daha səmərəli istifadədir.
Bugün bir neçə il əvvəl 10 min manata icra olunan layihəni eyni keyfiyyətdə həyata keçirmək mümkün deyil. Regionlarda iş, ekspert xidmətləri, monitorinq, rəqəmsal həllər və kommunikasiya xərcləri xeyli artıb. Dövlət keyfiyyətli nəticə tələb edirsə, bunun üçün adekvat maliyyə də yaratmalıdır. Bu baxımdan kiçik qrantların artırılması sadəcə pul məsələsi deyil, həm də vətəndaş cəmiyyətindən gözləntilərin böyüməsinin ifadəsidir.
Böyük qrantlar üzrə limitin aradan qaldırılması nəyi dəyişir?
Ən diqqətçəkən məsələlərdən biri böyük qrantlar üzrə yuxarı həddin ləğvidir. Yeni yanaşma dövlətin QHT-ləri təkcə kiçik layihələrdə deyil, həm də geniş proqramlarda, monitorinqlərdə, tədqiqatlarda, sosial xidmət təşəbbüslərində və rəqəmsal həllərdə tərəfdaş görməsinin əlamətidir. Yanaşmanın kökündə o durur ki, əgər təşkilatın peşəkarlığı, institusional dayanıqlığı və ictimai fayda yaratmaq qabiliyyəti varsa, maliyyə məbləği süni şəkildə məhdudlaşdırılmamalıdır. Ancaq bir incə məqam var, böyük qrant avtomatik olaraq böyük uğur demək deyil. 20 min manatlıq layihə ilə yüz minlərlə manatlıq proqramı idarə etmək arasında böyük fərq var. Burada təşkilatın institusional gücü, maliyyə intizamı, kadr potensialı və daxili nəzarət mexanizmləri həlledici rol oynayır.
QHT sektoru buna hazırdırmı?
Fikrimcə, bugün əsas sual budur. Uzun illər QHT sektorunda maliyyə imkanlarının məhdudluğundan şikayət edilib. Amma təcrübə göstərir ki, uğur həmişə pulla ölçülmür. Şəxsi müşahidələrimə görə, eyni büdcəyə sahib təşkilatlardan biri formal fəaliyyətlə kifayətlənir, digəri isə real dəyişiklik yaradır, problemi aktuallaşdırır və konkret nəticə əldə edir.
Yeni qaydaları sadəcə maliyyələşmə mexanizminin dəyişməsi kimi görmürəm. O, dövlətin QHT sektoruna daha çox pul ayırmaq istəyindən daha çox, vətəndaş cəmiyyətindən daha böyük nəticələr gözlədiyini göstərir.
Sektor uzun müddət maliyyə imkanlarının genişlənməsini, prosedurların sadələşməsini və dövlət dəstəyinin güclənməsini istəyib. Yeni qaydalar bu gözləntilərin əhəmiyyətli hissəsinə cavab verir. Ancaq bununla bərabər, məsuliyyət də artır. Əgər əvvəllər mübahisə maliyyələşmənin həcmi ətrafında idisə, indi diqqət həmin vəsaitin yaratdığı ictimai təsirə yönələcək. Mənə görə, qərarın uğuru məhz bu nəticələrlə ölçüləcək.