Rubio: Hörmüz boğazından tranzit haqqının alınması məqbul şərt deyil


ABŞ dövlət katibi Marko Rubio bildirib ki, Hörmüz boğazı beynəlxalq su yolu hesab olunur və heç bir ölkə həmin marşrutdan istifadə üçün ödəniş tələb edə bilməz.

Turkustan.az xəbər verir ki, Bəhreynin paytaxtı Manamada keçirilən Körfəz Əməkdaşlıq Şurasının (KƏŞ) iclasında çıxış edən Rubio ABŞ-ın region ölkələri ilə əməkdaşlığının əhəmiyyətini vurğulayıb.

O qeyd edib ki, son hadisələr ABŞ və KƏŞ üzvləri arasında tərəfdaşlığı ciddi sınaq qarşısında qoyub. Bununla yanaşı, Vaşinqtonun regional tərəfdaşları ilə birlikdə İranla mümkün razılaşma istiqamətində işləməyə hazır olduğunu bildirib.

Rubionun sözlərinə görə, İranla əldə ediləcək hər hansı razılaşma konkret şərtlərə əsaslanmalı və müəyyən öhdəliklərin yerinə yetirilməsini nəzərdə tutmalıdır.

“Hörmüz boğazından keçidə görə ödəniş tələb olunması heç bir razılaşma üçün məqbul şərt sayıla bilməz”, – deyə, ABŞ dövlət katibi vurğulayıb.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ