Mərkəzi Amerika ölkəsi Panama'nın cənubunda 7,7 bal gücündə zəlzələ baş verib. Zəlzələnin episentrinin Pitaloza Arriba bölgəsi yaxınlığında, təxminən 10 kilometr dərinlikdə yerləşdiyi bildirilir.
Turkustan.az xəbər verir ki, paytaxt Panama-Sitidə də hiss olunan zəlzələdən sonra Sakit okeanın şərq sahillərində yerləşən bölgələr üçün sunami xəbərdarlığı edilib.
Panama Prezidenti Xose Raul Mulino “X” sosial şəbəkəsindəki hesabından açıqlama yayaraq, əhalini sakitliyə çağırıb.
Prezident bildirib ki, aidiyyəti qurumlar zəlzələnin nəticələri ilə bağlı ictimaiyyətə məlumat verməyi davam etdirirlər. O, hadisədən istifadə edərək panika, qorxu və qarışıqlıq yaratmaq cəhdlərinə yol verilməməsinin vacibliyini vurğulayıb.
Aytən Yaşar / Turkustan.az