Çin oktyabrın 10-da, şənbə günü peyk internetinin inkişafı proqramı çərçivəsində 27-ci telekommunikasiya peykləri qrupunu aşağı Yer orbitinə buraxıb.
Turkustan.az xəbər verir ki, bu barədə Çinin Mərkəzi Televiziyası (CCTV) məlumat yayıb.
Peyklər yerli vaxtla saat 03:27-də Haynan ada əyalətinin cənubunda yerləşən Vençanq kosmodromundan “Long March-12” raket daşıyıcısı vasitəsilə orbitə çıxarılıb.
Kosmik aparatların dəqiq sayı, adları və texniki xüsusiyyətləri barədə hələlik məlumat açıqlanmayıb.
Çin kosmik sahədə mövqeyini gücləndirməyə çalışsa da, kommersiya raket buraxılışlarının sayına görə ABŞ-dan geri qalır.
2025-ci ildə Amerikanın “SpaceX” şirkəti 170 kosmik buraxılış həyata keçirib. Həmin il Çinin kommersiya və özəl aerokosmik şirkətləri isə öz raket daşıyıcıları ilə ümumilikdə 25 buraxılış reallaşdırıblar.
Aytən Yaşar / Turkustan.az