Rusiyanın hücumları nəticəsində Ukraynanın qış aylarında üzləşəcəyi infrastruktur böhranı gözləniləndən daha tez başlayıb.
Turkustan.az xəbər verir ki, bir aydan artıqdır ki, ballistik raketlərin hədəfinə çevrilən paytaxt Kiyevdə elektrik enerjisi, su və təbii qaz təchizatında problemlər yaranıb, metro sistemi isə dünən saatlarla fəaliyyətini dayandırıb.
Kiyevin meri Vitali Kliçko qarşıdakı qışın son dərəcə çətin keçəcəyini bildirib.
“Bizi çox, çox çətin bir qış gözləyir”, – deyə, mer vurğulayıb.
Kliçkonun sözlərinə görə, Rusiya hücumları şəhərin infrastrukturunu sistematik şəkildə hədəfə alır. O bildirib ki, ötən gecə istilik elektrik stansiyasına endirilən zərbə nəticəsində Kiyevin böyük hissəsində elektrik enerjisinin verilişi dayandırılıb, dörd rayonda su təchizatı kəsilib. Metro sistemi də dörd saat ərzində tamamilə fəaliyyət göstərməyib.
Mer təmir işlərindən sonra metro xətlərinin məhdud rejimdə, əvvəlki tutumunun təxminən üçdə biri ilə işlədiyini bildirib. O, qış aylarında paytaxtda normal həyatın təmin olunmasının çətinləşəcəyi barədə xəbərdarlıq edib.
Kliçko xüsusilə yaşlı insanları və azyaşlı uşaqları olan ailələri qış başlamazdan əvvəl Kiyevin ətrafındakı kənd və qəsəbələrdə yaşayan qohumlarının və dostlarının yanına köçməyi nəzərdən keçirməyə çağırıb.
Bununla belə, mer bütün sakinlərin şəhəri tərk etməsini istəmədiyini vurğulayıb:
“Əlbəttə ki, mən hamını Kiyevi tərk etməyə çağırmıram. Əgər biz Kiyevi tamamilə tərk etsək, rusların istədiyini etmiş olarıq, paytaxtı Putinə təhvil vermiş olarıq”.
Aytən Yaşar / Turkustan.az