“Flydubai” təyyarəsinə hücum planı: Pilot 11 sentyabr hadisələrindən ilhamlanıb


Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Baş prokuroru Həməd Saif əl-Şəmsi Dubaydan Təl-Əvivə uçan “Flydubai” təyyarəsinə hücum cəhdi ilə bağlı istintaqın təfərrüatlarını açıqlayıb.

Turkustan.az xəbər verir ki, o bildirib ki, saxlanılan ikinci pilot 11 sentyabr terror hücumlarından ilhamlanaraq plan hazırladığını və təkbaşına hərəkət etdiyini etiraf edib.

BƏƏ-nin rəsmi xəbər agentliyi WAM-ın məlumatına görə, Şəmsi sentyabrın 30-da “Flydubai” aviaşirkətinin FZ1073 saylı reysində baş verən hadisə ilə bağlı araşdırmanın nəticələrini açıqlayıb.

Baş prokurorun sözlərinə görə, Oman vətəndaşı olan ikinci pilot əvvəlcədən hazırladığı iddia edilən terror planını həyata keçirmək məqsədilə təyyarənin idarəetməsini ələ keçirməyə və Təl-Əvivdəki Ben Qurion hava limanının sərnişin terminalına intihar hücumu təşkil etməyə cəhd göstərib.

Şəmsi bildirib ki, təqsirləndirilən şəxs mümkün qədər çox insanın ölümünə səbəb olmağı hədəfləyib. Onun sözlərinə görə, 29 yaşlı ikinci pilotun ideoloji baxışları və peşəkar fəaliyyəti ilə bağlı araşdırmalar davam edir.

Aytən Yaşar / Turkustan.az


MANŞET XƏBƏRLƏRİ