Almaniyada sensasion iddia: Berlin yaxınlığında gizli silah anbarı tapıldı


Almaniyada təhlükəsizlik orqanlarının Berlin yaxınlığında gizli silah anbarı aşkarladığı və anbarın Rusiya kəşfiyyat xidmətləri ilə əlaqəli ola biləcəyi bildirilir.

Turkustan.az xəbər verir ki, WDR, NDR və “Süddeutsche Zeitung”un birgə araşdırmasına görə, anbar ötən il Berlin və Brandenburq sərhədindəki meşəlik ərazidə aşkarlanıb. Peşəkar şəkildə hazırlanmış gizli anbarda iki odlu silahın olduğu bildirilir.

Məlumata görə, Almaniyanın Konstitusiyanı Müdafiə üzrə Federal İdarəsi (BfV) anbarın Rusiya kəşfiyyat xidmətləri tərəfindən yaradıldığını ehtimal edir. Təhlükəsizlik orqanları silahların Moskvanın maraqları naminə Almaniyada mümkün “kinetik əməliyyatlar”, o cümlədən hücum və sui-qəsdlər həyata keçirə biləcək agentlər üçün nəzərdə tutulduğunu düşünür.

Bildirilir ki, anbar aşkar edildikdən sonra təhlükəsizlik mütəxəssisləri silahları izləmək məqsədilə onlara GPS cihazları yerləşdirib və gizli məntəqəyə nəzarəti davam etdiriblər.

Qeyd edək ki, sözügedən məlumatlar media araşdırmasına əsaslanır və Rusiya tərəfi ilə bağlı iddialar hələ rəsmi şəkildə təsdiqlənməyib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ