Ermənistan parlamentində müxalifətin 3 NAMİZƏDİ RƏDD EDİLDİ


Ermənistan parlamenti daimi komitələrin 12 sədrindən 9-nu seçib.

Turkustan.az Ermənistan mediasına istinadən xəbər verir ki, səsvermənin nəticələrinə görə, hakim “Vətəndaş Müqaviləsi” fraksiyasının səkkiz namizədinin hamısı, müxalif “Ermənistan” fraksiyasının isə bir namizədi seçilib. “Güclü Ermənistan” fraksiyasının üç namizədinin heç biri kifayət qədər səs toplaya bilməyib.

Belə ki, Maliyyə, Kredit və Büdcə Məsələləri Komitəsinin sədrliyinə namizəd Hayk Farmanyanın namizədliyi 40 deputat tərəfindən dəstəklənib, 61 deputat əleyhinə səs verib.

Avropa İnteqrasiyası Komitəsinə namizəd Areqa Ovsepyan 40 lehinə, 62 əleyhinə, Ərazi İdarəetməsi və Ətraf Mühitin Mühafizəsi Komitəsinə namizəd David Kazinyan isə 40 lehinə, 62 əleyhinə səs alıb.

“Ermənistan” fraksiyasının nümayəndəsi Lilit Qalstyan isə İnsan Hüquqlarının Müdafiəsi və İctimai Məsələlər Komitəsinin sədri seçilib. Onun namizədliyinə 54 deputat lehinə, 47 deputat əleyhinə səs verib.

Hakim “Vətəndaş Müqaviləsi” fraksiyasından isə aşağıdakı namizədlər komitə sədri seçiliblər:

• Trdat Sarkisyan – Regional və Avrasiya İnteqrasiyası Komitəsi;

• Nazeli Bağdasaryan – Əmək və Rifah Komitəsi;

• Sisak Qabrielyan – Təhsil, Elm, Mədəniyyət, İdman və Diaspora Komitəsi;

• Sargis Xandanyan – Xarici Əlaqələr Komitəsi;

• Lusine Badalyan – Səhiyyə Komitəsi;

• Arusyak Culhakyan – Dövlət və Hüquq Məsələləri Komitəsi;

• Vilen Qabrielyan – Müdafiə və Təhlükəsizlik Komitəsi;

• Babken Tunyan – İqtisadi Məsələlər Komitəsi.

“Güclü Ermənistan” fraksiyasının lideri Narek Karapetyan Maliyyə, Kredit və Büdcə Məsələləri Komitəsinə Hayk Farmanyanın əvəzinə Liana Manukyanın namizədliyini irəli sürüb. O, digər iki komitə üçün namizədlərin adlarının daha sonra açıqlanacağını bildirib.

Qeyd edək ki, komitə sədr müavinləri plenar iclasda deyil, müvafiq komitələrin iclaslarında seçiləcək. Kvotaya əsasən, sədr müavinlərinin yeddi vəzifəsi “Vətəndaş Müqaviləsi”nə, dördü “Güclü Ermənistan”a, biri isə “Ermənistan” fraksiyasına veriləcək. /bakivaxti.az/


MANŞET XƏBƏRLƏRİ