MOSSAD və Suriya arasında gizli təmas: Əsas hədəf Türkiyədir?


Suriyanın xarici işlər naziri Əsaad Həsən əl-Şibani ilə İsrailin xarici kəşfiyyat xidmətinin (MOSSAD) direktoru Roman Qofmanın Əbu əz-Zuhur hərbi aviabazasına endirilən zərbələrdən bir neçə gün əvvəl telefonla danışdığı iddia edilir.

Turkustan.az xarici mediaya istinadən xəbər verir ki, məhz İsrail və Suriya arasında ən yüksək səviyyəli təmasın baş tutduğu iddia edilən gizli telefon danışığının detallarında xüsusilə Türkiyə ilə bağlı məqamlar diqqət çəkib.

“Reuters” agentliyi adları açıqlanmayan üç mənbəyə istinadən yaydığı məlumata görə, İdlibdə strateji əhəmiyyət daşıyan Əbu əz-Zuhur hərbi aviabazasının bombalanmasından cəmi bir neçə gün əvvəl gözlənilməz təmas baş verib.

İddialara görə, avqustun 14-də Suriyanın xarici işlər naziri Əsaad Həsən əl-Şibani ilə İsrailin xarici kəşfiyyat xidmətinin (MOSSAD) direktoru Roman Qofman arasında telefon danışığı olub.

Bu görüşün Suriya Prezidenti Əhməd əş-Şaranın hakimiyyətə gəlməsindən sonra İsrail və Suriya arasında qurulan “ən yüksək səviyyəli təmas” olduğu iddia edilir.
Məlumata görə, iki yüksək vəzifəli şəxsin telefon danışığının əsas mövzusunu Türkiyənin bölgədəki fəaliyyəti təşkil edib.

MOSSAD rəhbəri Roman Qofmanın görüş zamanı rəsmi Dəməşq rəhbərliyinə Türkiyənin Suriya ərazisində getdikcə artan hərbi mövcudluğu, bölgədəki silah satışı ilə bağlı aktivliyi və Suriya ordusuna PUA tədarükü ilə bağlı ciddi narahatlığını açıq şəkildə ifadə etdiyi bildirilir.

İddialarla bağlı həm Suriya, həm də İsrail tərəfi indiyədək hər hansı bir rəsmi açıqlama verilməyib.

Digər tərəfdən, İsrail rəhbərliyi dünən yaydığı rəsmi açıqlama ilə sözügedən iddiaların mərkəzində olan avqustun 18-dəki əməliyyatı öz üzərinə götürüb.

Təl-Əviv İdlibin şərq kəndlərində yerləşən Əbu əz-Zuhur hərbi aviabazasına dörd ayrı hava zərbəsi endirildiyini rəsmən açıqlayıb.

İsrail ordusuna məxsus döyüş təyyarələri Suriyanın şimalında, İdlib vilayətinin şərqində yerləşən və hazırda tərk edilmiş vəziyyətdə olan Əbu əz-Zuhur hərbi aviabazasını hədəfə alıb.

Bölgədəki mənbələrin məlumatına görə, İsrail təyyarələri obyektə ümumilikdə səkkiz hava zərbəsi endirib. Əməliyyat zamanı əsas hədəfin uçuş-enmə zolaqları və anqarda yerləşən istifadəsiz vəziyyətdə olan bir tikili olduğu bildirilib.

Hadisə nəticəsində ölən və ya yaralananların olub-olmaması ilə bağlı isə rəsmi məlumat açıqlanmayıb. /Cebheinfo.az/


MANŞET XƏBƏRLƏRİ