Tərtər şəhərində mina və PHS-dən zərərçəkmişlər ilə psixososial dəstək görüşü keçirilib


Tərtərdə mina və partlamamış hərbi sursatlardan (PHS) zərərçəkmiş şəxslərin psixososial dəstəklənməsinə həsr olunmuş təlim keçirilib.
QHT.az xəbər verir ki, tədbir “Şəfa Psixoloji Sosial Yardım” İctimai Birliyinin həyata keçirdiyi “Mina və partlamamış hərbi sursatlardan (PHS) zərərçəkmiş şəxslərin psixososial reabilitasiyası və cəmiyyətə reinteqrasiyasına dəstək” layihəsi çərçivəsində təşkil olunub.

Layihə Azərbaycan Respublikasının QHT-lərə Dövlət Dəstəyi Agentliyi və Qarabağ Dirçəliş Fondunun birgə qrant müsabiqəsi çərçivəsində maliyyələşdirilir.

Tərtər rayonunda aparılan ilkin ehtiyac qiymətləndirilməsi nəticəsində mina və PHS hadisələrindən birbaşa zərər çəkmiş 10 nəfər layihənin hədəf qrupu kimi müəyyənləşdirilib.
Görüşün əvvəlində layihə rəhbəri, “Şəfa Psixoloji Sosial Yardım” İctimai Birliyinin sədri Xəlil Süleymanov iştirakçılarla layihənin məqsədləri, nəzərdə tutulan fəaliyyətlər və psixososial dəstəyin zərərçəkmiş şəxslərin həyatında yaratdığı imkanlar barədə söhbət aparıb. Tərtər rayonunun müharibə əziyyətlərindən və qəhrəmanlıqlardan danışıb.

Daha sonra təlimçi İlahə xanım iştirakçılara təqdim olunub. Onun da mina və partlamamış hərbi sursat hadisəsindən zərərçəkmiş şəxs olması görüşün ab-havasına xüsusi təsir edib. Eyni ağrını yaşamış insanların bir araya gəlməsi iştirakçılar arasında daha səmimi ünsiyyətin yaranmasına, təcrübələrin bölüşülməsinə və qarşılıqlı anlaşmanın güclənməsinə imkan verib.

“Ailədaxili münasibətlərin gücləndirilməsi və sağlam ünsiyyət bacarıqları” mövzusunda keçirilən təlimdə ailə münasibətlərinin psixoloji dayanıqlılığın formalaşmasında rolu, düzgün ünsiyyət, emosiyaların ifadə olunması, stress və travmanın gündəlik münasibətlərə təsiri, qarşılıqlı anlayış və sosial dəstəyin əhəmiyyəti müzakirə edilib.

Təlim klassik mühazirə formatında deyil, iştirakçıların birbaşa prosesə qoşulduğu interaktiv üsullarla aparılıb.

Qrup müzakirələri, praktiki psixoloji məşqlər, situasiya tapşırıqları və fikir mübadilələri vasitəsilə iştirakçılar öz təcrübələrini bölüşüb, gündəlik həyatda qarşılaşdıqları çətinliklərin daha sağlam yollarla idarə olunması barədə fikir və yanaşmalarını ifadə ediblər.

Məşğələlər zamanı xüsusilə ailə daxilində bir-birini dinləmək, hissləri düzgün ifadə etmək, gərginlik zamanı münasibətləri qorumaq və çətin həyat təcrübələrindən sonra sosial əlaqələri yenidən gücləndirmək məsələlərinə diqqət yetirilib.

Təlimin əsas xüsusiyyətlərindən biri də iştirakçıların özlərini yalnız bir “zərərçəkmiş” kimi deyil, həyatını davam etdirən, ailəsinə və cəmiyyətinə töhfə verən insanlar kimi görməsinə psixoloji dəstək göstərilməsi olub.

Səmimi söhbətlər, ortaq təcrübələrin bölüşülməsi və qarşılıqlı dəstək mühiti təlimin yalnız məlumatlandırıcı deyil, eyni zamanda mənəvi-psixoloji baxımdan da faydalı keçməsinə şərait yaradıb.

Layihə çərçivəsində bu istiqamətdə fəaliyyətlərin davam etdirilməsi nəzərdə tutulur. Növbəti mərhələlərdə mina və PHS-dən zərərçəkmiş şəxslərin psixoloji dayanıqlığının, sosial adaptasiyasının və cəmiyyətə inteqrasiyasının gücləndirilməsinə yönəlmiş müxtəlif dəstək mexanizmlərindən istifadə olunacaq.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.


MANŞET XƏBƏRLƏRİ