Şimali Koreya Yapon dənizinə 10 ballistik raket atdı


Şimali Koreya avqustun 20-də səhər saatlarında Şərq dənizinə (Yaponiya dənizi) təxminən 10 qısa mənzilli ballistik raket atıb.

Turkustan.az xəbər verir ki, bu barədə Cənubi Koreyanın Birləşmiş Qərargah Rəisləri Komitəsinin məlumatlarına istinadən KBS World məlumat yayıb.

Cənubi Koreya ordusunun məlumatına görə, raketlər Pxenyan ərazisindən buraxılıb. Atışlar avqustun 17-də başlayan Cənubi Koreya-ABŞ birgə “Ulçi Azadlıq Qalxanı” hərbi təlimləri fonunda həyata keçirilib.

Bu, Şimali Koreyanın son səkkiz gün ərzində ilk ballistik raket sınağıdır. Ötən həftə Vonsan ərazisindən buraxılan raket Yapon dənizi istiqamətində 700 kilometrdən çox məsafə qət edib. Şimali Koreya avqustun 6-da da qısa mənzilli ballistik raket buraxmışdı.

Şimali Koreyanın dövlət mediası son raket buraxılışları barədə məlumat yaymayıb.

Qeyd olunur ki, raket sınağı Çinin xarici işlər naziri Vanq Yinin Cənubi Koreyaya iki günlük səfərini başa vurduğu vaxtda həyata keçirilib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ