“40 günlük müharibə zamanı iki ölkə arasında münasibətləri pisləşdirən bir problem yarandı, lakin Məsud Pezeşkianın İlham Əliyevə telefon zəngi və bir neçə Azərbaycan atalar sözünün istifadəsi həmin səhifəni çevirdi”.
İranın xarici işlər naziri Abbas Əraqçinin bu sözlərindən sonra ictimai maraq bir hədəfə yönəlib: İran Prezidenti hansı atalar sözləri ilə Azərbaycan liderinin könlünü ala bilib?
Ümumiyyətlə, Məsud Pezeşkian, bir çox siyasi müşahidəçinin rəyincə, qlobal siyasi arenada çoxlarından fərqlənir. Rəsmi etiketdən yayınanaraq o, sadə dildə danışır, siyasi mürəkkəblik qatlarını inkar edir, siyasi maska taxmadan “əsl kimliyini” göstərməyə çalışır.
Düzlük və dürüstlüyü daim abardan M.Pezeşkianın davranışı bəzən təəccüb və ya tənqidə səbəb olur. O, müəyyən vaxtlarda ifrat dərəcədə emossial çıxışlar edir.
Bəziləri onun ümumiyyətlə rəsmi posta layiq bilmir.
Məsud Pezeşkian həqiqətən riyadan uzaq, təvazökarlığı və sadəliyi “mən”i ilə vəhdətdə olan şəxsiyyətdirmi?
“Əvvəlcə yada salaq ki, Məsud Pezeşkian peşəkar siyasətçi yox, həkim-kardioloqdur. Sözsüz ki, hər sahədə insanlarla ünsiyyət forması fərqli olduğu kimi, həkimlərin də insanlarla danışıq metodları fərqlidir. Kardioloqlar isə insanlarla danışanda daha mülayim olmalıdırlar ki, pasiyentini rahatlaşdıra bilsinlər. Bu, istər-istəməz gündəlik ünsiyyətimizə təsir edir. Hətta peşəmizi dəyişsək də. İnsanları yumşaltmaq üsulu siyasətdə də öz rolunu göstərir”.
Bunu “Yeni Sabah”a psixiatr Azad İsazadə bildirib.
O, İran Prezidentinin davranışlarını təhlil edərək diqqəti onun siyasi üslubunun formalaşmasında həkimlik peşəsinin və İranın diplomatik ənənələrinin roluna yönəldib:
“Təbii ki, şəxsi xarakter məsələsi də var. Hər bir halda yaddan çıxartmaq olmaz ki, İranda daha dərin diplomatiya dili formalaşıb. Əsrlər boyunca bu ölkədə hakimiyyətdə türklər də olub, Pezeşkian da həmin ənənənin içində formalaşmış biridir.
İran ənənəvi diplomatiyasında konfliktə getmirlər, dinc danışırlar və s. Heç nə demirlər, qışqırmırlar, dalaşmırlar, amma öz dediklərini də yeridirlər. Bir sözlə, “pambıqla baş kəsirlər”. Yəni Məsud Pezeşkian da harada hansı sözü istifadə edəcəyini yaxşı bilir”.
A. İsazadə bildirib ki, Məsud Pezeşkiana heç bir halda sadəlövh siyasətçi deyil:
“Sözsüz ki, onun kəskin danışıqlarını da eşitmişik. Rəhbərlikdə olan “Sepah”ın generalları ilə daha kobud və təzyiqlə danışır. Çünki onlarla mülayim şəkildə ünsiyyət qurmaq olmur.
30 ildir subay qalması məsələsi isə onun şəxsi həyatıdır. Lakin məncə, Şərqdə kişi və ya qadının dul qalması müsbət qarşılanmır. Ona görə düşünmürəm ki, sırf buna görə ona xüsusi rəğbət bəsləsinlər. Lakin bu da Pezeşkianın sadiqliyinin göstəricisidir. Güman ki, özü istəmir.
Yekun olaraq, M. Pezeşkian çox mürəkkəb ruhlu bir insandır. Onun heç bir halda sadə biri olduğunu demək olmaz. Görünüşcə elə olsa da, çox bic adamdır. Bayaq dediyim kimi, pambıqla baş kəsər. Rəqiblərini də yavaş-yavaş sıradan çıxarır. İlk növbədə də “Sepah”ı”. /yenisabah.az/