Türkiyədə Əkrəm İmamoğlu ilə bağlı məhkəmə işində yeni iddialar səsləndirilib.
Turkustan.az xəbər verir ki, iş adamı Hamit Demir Beylikdüzüdəki layihəsinin icazə prosesində ondan 8 milyon türk lirəsi tələb edildiyini və bu məbləği mənzil, çek və nağd pulla ödədiyini iddia edib. Demir ödənişin bir hissəsinin Adem Soytekinə verilən mənzillərlə həyata keçirildiyini bildirib.
“İmamoğlu mütəşəkkil cinayət dəstəsi” işi üzrə şahid qismində ifadə verən Demir məhkəmədə əvvəlki ifadəsini əsasən təsdiqləyib, bəzi tarix və adlarla bağlı isə düzəlişlər etdiyini qeyd edib.
İş adamının sözlərinə görə, təxminən 45 hektar torpaq sahəsini əldə etdikdən sonra layihə üçün lazımi icazələrin alınması prosesinə başlayıb. O, 2015-ci ildə Beylikdüzünün o vaxtkı bələdiyyə sədri Əkrəm İmamoğlu ilə görüşdüyünü və layihə ilə bağlı dəstək istədiyini də iddia edib.
Demir bildirib ki, layihənin icazə prosesində tələb olunduğunu iddia etdiyi 8 milyon lirəni ödəməyə məcbur olub. Onun iddialarına görə, mənzillərdən bəziləri Adem Soytekinə verilib.
Aytən Yaşar/ Turkustan.az