Suriya Daxili İşlər Nazirliyi devrilmiş Bəşər Əsəd rejimi dövründə xidmət etmiş və axtarışda olan təqaüdçü general-mayor Adil İsanın Livan hakimiyyəti tərəfindən Suriyaya təhvil verildiyini açıqlayıb.
Turkustan.az xəbər verir ki, Nazirliyin sosial media hesabında yayımlanan açıqlamada bildirilib ki, Suriya tərəfindən ekstradisiya tələbi ilə Livan Ali Məhkəməsi Prokurorluğunun qərarı əsasında saxlanılan keçmiş rejim generalı Adil İsa Suriya hakimiyyətinə təhvil verilib.
“Anadolu Agentliyi”nin məlumatına görə, İsa keçmiş rejim ordusunun 17-ci diviziyasının komandiri, həmçinin 2016-cı ilə qədər Deyr əz-Zor Quru Qoşunlarının komandanı vəzifəsində çalışıb.
Bəyanatda qeyd olunub ki, onun ekstradisiyası Suriya Respublika Prokurorluğunun tələbi əsasında və aidiyyəti qurumlarla koordinasiya şəraitində həyata keçirilib.
İsaya qarşı 7-ci İstintaq Hakimi tərəfindən qiyabi həbs qərarı çıxarılıb. O, “qəsdən adam öldürmə”, “ağır cinayətin törədilməsinə kömək etmə”, “bir neçə şəxsin qəsdən öldürülməsi”, “ölümlə nəticələnən işgəncə” və “vətəndaş müharibəsi və məzhəb qarşıdurmasını qızışdırmaq məqsədilə hücumların təşkili” ittihamları üzrə mühakimə olunacaq.
Suriya hakimiyyəti keçmiş Əsəd rejiminin yüksək vəzifəli şəxslərinin məsuliyyətə cəlb edilməsi istiqamətində araşdırmaları davam etdirir.
Aytən Yaşar/ Turkustan.az