Vəziyyət kəskinləşir – “Bakının bəyanatına ehtiyac yarana bilər”


“İsrail Baş naziri Benyamin Netanyahu odla oynayır. İsrailin Suriyanın İdlib vilayətində tərk edilmiş Əbu Zühur aviabazasına zərbə endirməsi bölgədə yeni gərginlik ocağı yaradıb”.

Turkustan.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

Ekspertin fikrincə, Türkiyə ilə hərbi-siyasi gərginliyin artması İsrailə yaxşı heç nə vəd etmir:

“Netanyahu zərbəni belə izah edib ki, Suriya hakimiyyəti aviabazanı Türkiyənin ixtiyarına vermək istəyir, bu isə İsrailə təhlükə yaradır. Türkiyə Xarici İşlər Nazirliyi İsrailin zərbələrini Suriyanın ərazi bütövlüyünə qəsd kimi qiymətləndirib.

Ankara haqlıdır. Suriyanın hansı ölkə ilə hərbi əməkdaşlığa üstünlük verməsi bu ölkənin müstəsna hüququdur. İsrailin Türkiyə ilə münasibətlərində gərginlik var deyə Dəməşq Ankara ilə hərbi sahədə əməkdaşlıq etməməlidir? İsrail Suriya ərazisində keçmiş SSRİ və Rusiyanın hərbi bazasına heç vaxt etiraz etməyib. İsrailin Türkiyə sərhədinə 72 kilometr məsafədə olan aviabazanın bombardman etməsi Prezident Rəcəb Tayyib Ərdoğanın da sərt açıqlamasına səbəb olub. Ərdoğan bildirib ki, kimsə Türkiyəyə hücum etməyi planlaşdırırsa, buna cavab veriləcək.

Netanyahunun Türkiyə ilə gərginliyi artırması İsraildə oktyabrın 27-də keçiriləcək parlament seçkiləri ilə əlaqəlidir. Netanyahu ölkə daxilindəki mühafizəkarların səsini almaq üçün Türkiyə ilə münasibətlərdəki gərginliyi artırmaq yolunu seçib. İş o yerə çatıb ki, hakim “Likud” Partiyası reklam lövhələrində Rəcəb Tayyib Ərdoğanın şəklini yerləşdirərək onu “düşmən” obrazında təqdim edir. Bu siyasət İsrailə yaxşı heç nə vəd etmir. Müxtəlif ölkələrlə münasibətlərdə problemi olan İsrailin bölgənin aparıcı ölkələrindən biri Türkiyə ilə gərginliyi artırması iki ölkə arasında toqquşma riskini artırır”.

Elxan Şahinoğlu xatırladıb ki, Türkiyə Xarici İşlər Nazirliyinin son olayla bağlı bəyanatında beynəlxalq ictimaiyyəti İsrailin Suriyaya qarşı hücumlarının dayandırılması üçün daha qəti mövqe nümayiş etdirməyə yönəlik çağırış da var:

“ABŞ Prezidenti Donald Tramp İranı ram etməyə çalışarkən, bölgədə İsrail-Türkiyə gərginliyinin alovlanması Amerikanın təhlükəsizlik maraqlarına cavab vermir. Təsadüfi deyil ki, ABŞ administrasiyası İsrail, Suriya və Türkiyə arasında münaqişələrin aradan qaldırılması mexanizmi yaratmaq üzərində işləyir.

İsrail-Türkiyə gərginliyi Azərbaycanın da maraqlarına cavab vermir. Ancaq İsrail Türkiyə ilə gərginliyi artırmaq yolunu seçibsə, Azərbaycan Xarici İşlər Nazirliyinin də bəyanat yaymasına ehtiyac yarana bilər”./teleqraf


MANŞET XƏBƏRLƏRİ