İran dövlət televiziyasında ABŞ Prezidenti Donald Trampın öldürülməsi üçün pul toplanması ilə bağlı çağırış səsləndirilib.
Turkustan.az xəbər verir ki, İran telekanalının efirində aparıcı Məryəm Qasemi Trampı öldürəcək şəxs üçün mükafat verilməsi məqsədilə tamaşaçılardan ianə etmələrini istəyib. Efir zamanı bu məqsədlə artıq 81 milyon tümən, yəni təxminən 435 ABŞ dolları toplandığı bildirilib.
Qasemi çıxışı zamanı Trampın ölüm xəbərini efirdə elan etməyi gözlədiyini də bildirib.
Məlumatın yayılması İranla ABŞ arasında onsuz da yüksək olan gərginliyin fonunda diqqət çəkib. Son aylarda Tehran və Vaşinqton arasında qarşılıqlı hərbi və siyasi təhdidlər artıb.
Trampın öldürülməsi ilə bağlı çağırışların səsləndirilməsi ilk belə hal deyil. ABŞ Ədliyyə Nazirliyi mart ayında İran İnqilab Keşikçiləri Korpusunun (SEPAH) əməkdaşı Asif Merchantin Tramp da daxil olmaqla ABŞ siyasi və hökumət rəsmilərinə qarşı sui-qəsd planında iştirak etdiyini açıqlamışdı. Merchant ABŞ-da sui-qəsd törətmək və terror aktına cəhd ittihamları üzrə təqsirli bilinib.
Bundan başqa, iyul ayında İraqdakı İranyönlü “İslam Müqaviməti” adlı qrupun Trampın öldürülməsi üçün 10 milyon dollar mükafat təklif etdiyi barədə məlumat yayılmışdı.
Son televiziya yayımı isə İran daxilində Trampa qarşı bu cür çağırışların yenidən gündəmə gəldiyini göstərir./modern.az