Anna Akopyanın fonduna sirli milyonlar: Ən iri donorların adı gizlədilir


Ermənistanın baş naziri Nikol Paşinyanın keçmiş həyat yoldaşı Anna Akopyanın rəhbərlik etdiyi "Mənim Addımım" xeyriyyə fondu bu il indiyədək 115 milyon dram ianə alıb. Maraqlıdır ki, vəsaitin böyük hissəsi kimliyi açıqlanmayan donorlar tərəfindən köçürülüb.

Turkustan.az erməni mediasına istinadənxəbər verir ki, bu barədə yerli "Pastinfo" qəzeti məlumat yayıb.

Qəzetin araşdırmasına görə, fonda daxil olan vəsaitin 70 milyon dramı anonim donorların payına düşür. Onlardan biri 50 milyon dram, digəri isə 20 milyon dram ianə edib.

Məlumatda qeyd olunur ki, ötən il də fondun 10 anonim donoru olub və onlar ümumilikdə 150 milyon dram köçürüblər. Bu il anonim donorların sayı hələlik iki nəfər olsa da, ianələrin məbləği kifayət qədər böyükdür.

Fondun bu ilki ən iri korporativ donorlarından biri "Steel Concern" MMC olub. Şirkət fonda 20 milyon dram ianə edib. Nəşr bildirir ki, şirkət Ermənistanın ən iri vergiödəyiciləri siyahısında 277-ci yerdədir və son illərdə hökumətin müxtəlif iqtisadi güzəştlərindən yararlanıb.

Daha 10 milyon dram isə 2022-ci ildə yaradılmış Ermənistan-İtaliya birgə müəssisəsi "İteks" tərəfindən köçürülüb. Şirkət iri vergiödəyicilər siyahısında 404-cü yerdə qərarlaşıb.

Müqayisə üçün qeyd edilir ki, ölkənin ən iri vergiödəyicilərindən olan və ilk onluqda yer alan "Texut" QSC də fonda eyni məbləğdə – 10 milyon dram ianə edib.

Digər ianələr arasında iri vergiödəyicilər siyahısında 163-cü yerdə olan "Proşyan" İrəvan Konyak Zavodunun 3 milyon dram, şüşə qablar istehsal edən və bu il hökumətdən dövlət dəstəyi alan "Saranist" şirkətinin 1 milyon dram, eləcə də ArCa (Armenian Card) şirkətinin 1 milyon dram ianəsi yer alır.

"Pastinfo" yazır ki, fondun donor siyahısı anonim ianələrin həcmi və dövlət dəstəyi alan bəzi şirkətlərin iri məbləğdə vəsait köçürməsi baxımından diqqət çəkir. /Musavat.com/


MANŞET XƏBƏRLƏRİ