Bu da ABŞ-ın Qəzza ilə bağlı yol xəritəsi: Trampın müşavirləri açıqladı


ABŞ prezidenti Donald Trampın iki yüksək səviyyəli müşaviri jurnalistlərə açıqlamasında keçid hökumətinin gələcəkdə Fələstin dövlətinə yol açıb-açmayacağı məsələsinə toxunublar.

Turkustan.az xəbər verir ki, müşavirlər ikinci mərhələdə Qəzzada “Beynəlxalq Stabilləşdirmə Qüvvələri”nin yaradılması ilə bağlı müvafiq ölkələrlə müzakirələrin davam etdiyini və prosesin indiyədək müsbət getdiyini qeyd ediblər.

Onlar əlavə ediblər ki, Türkiyə, İndoneziya, Misir, Qətər və Birləşmiş Ərəb Əmirlikləri də daxil olmaqla bir çox ölkənin prosesdə rol almasını gözləyirlər: "Ölən və yaralananların yerləri ilə bağlı müxtəlif kəşfiyyat hesabatlarımız var. Bir çox ölkə yardım sözü verdi. Türkiyə də zəlzələlərdə təcrübəli olan 81 nəfərlik bir qrup göndərməyi təklif etdi".

“Politico” xəbər saytı da iddia edib ki, Pakistan, Azərbaycan və İndoneziyanın Qəzza zolağında təhlükəsizliyi təmin etmək üçün beynəlxalq qüvvələrə qoşulacağı gözlənilir.

Müşavirlərin sözlərinə görə, Trampın 20 bənddən ibarət planı çərçivəsində Qəzzanın yenidən qurulması davam etdikcə, Fələstin xalqının istəkləri olan dövlətçiliyə doğru etibarlı yol ortaya çıxa bilər.

Qeyd edək ki, Qəzzada HƏMAS və İsrail arasında imzalanan atəşkəs razılaşmasına əsasən, canlı məhbusların və fələstinli əsirlərin mübadiləsi başa çatıb. Ölənlərin cəsədlərinin qaytarılması prosesi isə davam edir./publika.az


MANŞET XƏBƏRLƏRİ