Arıqlama iynələrinin görünməyən təhlükəsi: HƏKİMDƏN CİDD XƏBƏRDARLIQ!


Son günlər arıqlama iynələrinin istifadəsi cəmiyyətdə geniş yayılıb. Artıq çəkidən xilas olmaqda çətinlik çəkən, müxtəlif pəhriz və idman üsulları ilə istədiyi nəticəni əldə edə bilməyən bir çox insan daha qısa müddətdə arıqlamaq üçün bu preparatlara üstünlük verir.

Sosial şəbəkələrdə də geniş müzakirə olunan arıqlama iynələrinə maraq getdikcə artır. Hətta bəzi şəxslər həkim məsləhəti və tibbi müayinə olmadan, özbaşına bu preparatlardan istifadə edirlər.

Mütəxəssislər isə arıqlama iynələrinin hər kəs üçün uyğun olmadığını, onların nəzarətsiz istifadəsinin ciddi sağlamlıq problemlərinə yol aça biləcəyini bildirirlər. Belə preparatların qısa müddətdə çəki itkisinə səbəb olması onların tam təhlükəsiz olduğu anlamına gəlmir. Yan təsirlərin ortaya çıxması, orqanizmdə müxtəlif pozuntuların yaranması və gələcəkdə daha ciddi fəsadlarla qarşılaşma ehtimalı bu vasitələrin istifadəsi ilə bağlı narahatlıqları artırır.

Bəs arıqlama iynələri orqanizmdə hansı dəyişikliklərə səbəb olur? Bu preparatların uzunmüddətli istifadəsi hansı təhlükələr yarada bilər və həkim nəzarəti olmadan onlardan istifadə etmək nə dərəcədə risklidir?

Turkustan.az bu sualları tibb üzrə elmlər doktoru, həkim Adil Qeybullaya ünvanladı. Həkim açıqlamasında arıqlama iynələrinin mümkün fəsadlarından danışaraq, onların mədəaltı vəzi xəstəlikləri də daxil olmaqla, bir sıra ciddi sağlamlıq problemlərinə səbəb ola biləcəyini bildirdi.

"Bu iynələr – tirzepatid əsaslı preparatlar, o cümlədən Mounjaro və müxtəlif ticarət adları ilə satışa çıxarılan digər vasitələr – ilk növbədə 2-ci tip şəkərli diabetin müalicəsi və qan şəkərinin tənzimlənməsi üçün nəzərdə tutulub.

Tirzepatidin təsir mexanizmi nəticəsində iştaha azalır, qida qəbulu tənzimlənir və bədən çəkisinin azalması baş verir. Yəni arıqlama bu preparatların təsirlərindən biridir. Lakin bu o demək deyil ki, həmin iynələr hər kəs tərəfindən sırf çəki azaltmaq məqsədilə istifadə edilməlidir.

Bu preparatlar orqanizmdə qlükoza mübadiləsinin tənzimlənməsinə, insulinə həssaslığın yaxşılaşmasına, iştahanın və qida qəbulunun azalmasına kömək edir. Nəticədə artıq çəkinin azalması müşahidə oluna bilər. Tirzepatid 2-ci tip şəkərli diabetin müalicəsində istifadə olunan, eyni zamanda çəkiyə də təsir göstərən preparatdır.

Təəssüf ki, bu gün həmin iynələrin həkim təyinatı olmadan istifadəsi geniş yayılıb. Preparatlar əldən-ələ gəzir, onların satışı ilə müxtəlif şəxslər, o cümlədən biznes nümayəndələri və kosmetoloji xidmət göstərənlər məşğul olurlar. Halbuki bu cür preparatların istifadəsi mütləq tibbi göstəriş əsasında, həkim nəzarəti altında həyata keçirilməlidir. Onların təyinatı və müalicə prosesinin idarə olunması, xüsusilə də 2-ci tip şəkərli diabet zamanı, endokrinoloqun səlahiyyətinə aiddir.

Bəs bu iynələrin istifadəsi hansı fəsadlara səbəb ola bilər? Əlbəttə, müəyyən risklər mövcuddur. Tirzepatidin effektivliyi və təhlükəsizliyi ilə bağlı klinik tədqiqatlar aparılıb və preparatın istifadəsi zamanı bəzi əlavə təsirlər və ağırlaşmalar qeydə alınıb. Xüsusilə də preparatın nəzarətsiz və düzgün olmayan şəkildə istifadəsi ciddi sağlamlıq problemlərinə yol aça bilər.

Əsas risklərdən biri mədəaltı vəzi ilə bağlıdır. Tirzepatid insulin ifrazını qlükoza səviyyəsindən asılı olaraq stimullaşdırır. Preparatın istifadəsi zamanı nadir hallarda kəskin pankreatit – mədəaltı vəzinin iltihabı yarana bilər. Bu isə ciddi və təhlükəli ağırlaşmadır.

Ona görə də belə preparatları qəbul etməzdən əvvəl pasiyent mütləq endokrinoloji müayinədən keçməli, sağlamlıq vəziyyəti, yanaşı xəstəlikləri və mümkün əks-göstərişlər qiymətləndirilməlidir. Yalnız tibbi göstəriş olduqda və həkim tərəfindən uyğun hesab edildikdə bu müalicəyə başlanılmalıdır. Heç bir halda bu iynələr özbaşına, yalnız arıqlamaq istəyi ilə istifadə edilməməlidir".

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ