Ermənistanın paytaxtı İrəvanda yerləşən Göy məscidin tarixi kimliyinin dəyişdirilməsinə yönələn növbəti addım atılıb.
Məscidin iclas zalına erməni şairi Yeqişe Çarentsin adı verilib, yaxın vaxtlarda burada onun büstünün də qoyulması planlaşdırılır.
1news.az xəbər verir ki, advermə mərasimində Ermənistanda səfərdə olan İranın vitse-prezidenti Seyid Həmid Purməhəmmədi də iştirak edib. Tədbir çərçivəsində Firdovsinin "Şahnamə" poemasının erməni dilinə tərcüməsi təqdim olunub.
Göy məscid 1764–1768-ci illərdə İrəvan xanı Hüseynəli xan Qacarın hakimiyyəti dövründə inşa edilib. Keçmiş İrəvan xanlığının əsas memarlıq abidələrindən biri olan məscid Azərbaycan və İslam mədəni irsinin mühüm nümunəsi hesab olunur. Hazırda isə abidənin tarixi mənsubiyyətinin fərqli şəkildə təqdim edilməsi məsələsi yenidən gündəmə gəlib.
Məscidin iclas zalına Yeqişe Çarentsin adının verilməsi və burada erməni şairinin büstünün yerləşdirilməsinin planlaşdırılması tarixi-mədəni irsin mənimsənilməsi müzakirələrini gücləndirib. İran tərəfinin bu addımı Çarentsin sovet dövründə məscidin qorunub saxlanılmasındakı xidmətləri ilə əsaslandırdığı bildirilir. Bununla belə, şairin məscidin yaradılması və ilkin dini təyinatı ilə hər hansı əlaqəsi yoxdur.
Məsələnin diqqətçəkən tərəflərindən biri də İran rəsmilərinin bu prosesdə iştirakıdır. Özünü İslam irsinin müdafiəçisi kimi təqdim edən Tehranın Azərbaycan tarixi ilə bağlı mühüm memarlıq abidəsinin ətrafında baş verənlərə münasibəti suallar doğurur.
Göy məscidin "fars məscidi" kimi təqdim edilməsi, onun Azərbaycan mənşəyinin arxa plana keçirilməsi və kompleksə erməni mədəniyyətinə aid simvolların daxil edilməsi tarixi irsin kimliyi ilə bağlı mübahisələri daha da aktuallaşdırır.
Bəs Göy məsciddə baş verənlər hansı məqsədə xidmət edir? İranın bu prosesdə iştirakı hansı siyasi və geosiyasi maraqlardan qaynaqlanır? İrəvanın Azərbaycan tarixi-mədəni irsinə münasibətində yeni mərhələdənmi söhbət gedir?
.jpg)
Cavanşir Feyziyev
Məsələ ilə bağlı 1news.az-a danışan Milli Məclisin deputatı Cavanşir Feyziyev deyib ki, bu gün İrəvanda yeganə türk abidəsi kimi sağ qalmış Göy məscidin hissə-hissə, addım-addım farslaşdırılması və erməniləşdirilməsi prosesi gedir.
Deputat bildirib ki, son yüz ildə İrəvan ərazisində çoxsaylı məscidlərimiz və digər tarixi-mədəni memarlıq abidələrimiz vandalizmə məruz qalaraq məhv edilib:
“İslamın və türklüyün yeganə sağ qalmış nümunəsi olan Göy məscidin isə mənşəyi saxtalaşdırılaraq fars məscidi adlandırılıb. Ermənilər öz tarixlərini saxtalaşdırdıqları kimi, hazırda yaşadıqları ərazidə digər xalqlara məxsus mədəni irs nümunələrini də saxtalaşdırmaqdan çəkinmirlər. Göy məscid nümunəsində isə İran rejiminin də ermənilərlə birgə hərəkət etdiyini və türklərə məxsus mədəni irsi özününküləşdirmək cəhdlərini görürük.
Son iki yüz il ərzində İran və Ermənistan hakimiyyətlərinin türklərə və azərbaycanlılara münasibəti həmişə eyni olub. Onlar türk tarixinin böyüklüyü qarşısında utanc və qorxu hissi keçirirlər. Həmişə İranın və Cənubi Qafqazın aborigen xalqlarını bu ərazilərdən sıxışdırıb çıxarmağa, onların torpaqlarında öz mövcudluqlarını genişləndirməyə çalışıblar. Farslar və ermənilər qədim türklərin tarixi-mədəni irsi üzərində özlərinə daha böyük dövlət və daha qədim mədəniyyət yaratmağa cəhd göstəriblər. Təəssüf ki, yüzillər ərzində onlar buna qismən də olsa nail olublar”.
C.Feyziyev Göy məscidin mərasim zalına erməni şairin adının verilməsini Azərbaycana, bütövlükdə İslam dünyasına və onun mədəniyyətinə qarşı düşmənçilik aktı kimi qiymətləndirib. O, İranın vitse-prezidentinin mərasimdə iştirakının İran hakimiyyətinin də bu prosesdə iştirakını göstərdiyini vurğulayıb:
“Özünü İslam Respublikası adlandıran İranın yüksək vəzifəli dövlət məmurunun İslam abidəsinə qarşı həyata keçirilən vandalizm aktında iştirak etməsi İran rejiminin saxta mahiyyətini ifşa edən hadisədir.
Sözdə İslam tarixini və mədəniyyətini yaşatmaq, onu dünyanın ən mütərəqqi mədəniyyəti kimi təbliğ və inkişaf etdirmək iddiasında olan İran rejimi real siyasətində İslam ölkələrinə və İslam dünyasının tarixi-mədəni irsinə qarşı düşmənçilik nümayiş etdirir. Bu isə müasir İran rejiminin İslam dini və mədəniyyəti ilə heç bir oxşarlığının və əlaqəsinin olmadığını göstərir”.
Deputat, həmçinin Ermənistanın tarixi və dini irsin qorunması ilə bağlı beynəlxalq öhdəliklərini yerinə yetirmədiyini qeyd edib. Onun sözlərinə görə, hər bir dövlət öz ərazisində mədəni və dini irsi qorumağa, abidələrin tarixi mənsubiyyətini düzgün tanımağa və tanıtmağa borcludur:
“Ermənistan mövcud olduğu yüz ildən artıq dövrdə bu vəzifəsini heç vaxt yerinə yetirməyib. Hazırda Azərbaycanla Ermənistan arasında diplomatik münasibətlərin olmaması bu mövzuda iki ölkənin müvafiq dövlət qurumları arasında birbaşa danışıqları mümkünsüz edir. Buna baxmayaraq, Qarabağ münaqişəsinin mövcud olduğu bütün dövrlərdə Azərbaycan dövləti Ermənistanda və Ermənistan tərəfindən işğal olunmuş ərazilərdə tarixi-mədəni abidələrimizin dağıdılması və talan edilməsi məsələsini müvafiq beynəlxalq platformalarda qaldırıb, Ermənistanın üzərinə götürdüyü beynəlxalq öhdəlikləri yerinə yetirməsini tələb edib.
Təəssüf ki, beynəlxalq siyasətdə hökm sürən ikili standartlar mədəniyyət sahəsində də özünü göstərir. Əsasən Fransanın təsirinə məruz qalan UNESCO Ermənistanı məsuliyyətə cəlb etmək əvəzinə, onun vandalizm əməllərini ört-basdır etməklə məşğul olub”.
C.Feyziyev bildirib ki, Azərbaycan dövləti və ictimaiyyəti tarixi-mədəni irsin qorunması və erməni vandalizminin ifşa edilməsi istiqamətində çoxsaylı addımlar atır. Xüsusilə Qərbi Azərbaycan Cəmiyyətinin apardığı araşdırmaların və beynəlxalq ictimaiyyətə təqdim etdiyi hesabatların əhəmiyyətini vurğulayıb:
“Bu araşdırmalarda Qərbi Azərbaycana qayıdışımızdan sonra tarixi-mədəni irsimizin bərpası üçün kifayət qədər faktoloji məlumat toplanıb. Düşünürəm ki, hazırkı dövrdə bu, çox faydalı fəaliyyətdir”.
Deputat Ermənistanın bu cür addımlarının yeni olmadığını, sovet dövründə də türk mənşəli toponim və hidronimlərin dəyişdirilərək erməniləşdirildiyini diqqətə çatdırıb. O qeyd edib ki, Azərbaycanla sülh danışıqlarının aparıldığı bir vaxtda tarixi-mədəni abidəmizə qarşı belə addımların atılması etimad quruculuğuna zərbə vurur:
“Bir tərəfdən bizimlə sülh bağlamaq üçün yalvardıqları bir zamanda digər tərəfdən bizə məxsus tarixi-mədəni abidəyə qarşı qəsd etmək ənənəvi erməni yanaşmasının təzahürüdür. Şübhəsiz ki, bu kimi addımlar etimad quruculuğuna zərbə vurur və bizi hər zaman, hətta sülh bağlandıqdan sonra da ermənilərlə münasibətlərdə ayıq-sayıq olmağa sövq edir. Ona görə də biz və bizdən sonra gələcək nəsillərimiz tariximizi yaxşı öyrənməli, heç nəyi unutmamalı və siyasətimizi tarixi reallıqlar üzərində qurmalıyıq”.
O, sonda bildirib ki, gələcəkdə İrəvanda və indiki Ermənistan ərazisində əsrlər boyu dağıdılmış və ya özgəninkiləşdirilmiş tarixi yurd yerlərinin bərpasına nail olunacağına inanır:
“İnanıram ki, zaman gələcək, biz İrəvanda və bugünkü Ermənistanın bütün ərazisində əsrlər boyu dağıdılmış və ya özgəninkiləşdirilmiş tarixi yurd yerlərimizə qayıdacaq, tarixi torpaqlarımızı çoxəsrlik mədəni irsimiz əsasında yenidən bərpa edəcəyik”.
Sözardı
Göy məscid ətrafında baş verənlər təkcə bir memarlıq abidəsinin istifadəsi ilə bağlı məsələ deyil, həm də tarixi irsin kimliyinin qorunması baxımından ciddi suallar doğurur. Azərbaycan tarixinin və mədəniyyətinin mühüm nümunələrindən olan bu abidənin ilkin mənsubiyyətinin arxa plana keçirilməsi yolverilməzdir. Xüsusilə özünü İslam dünyasının müdafiəçisi kimi təqdim edən İranın bu prosesdə iştirakı diqqət çəkir. Mədəni əlaqələrin inkişafı adı altında tarixi faktların təhrif edilməsinə və abidənin kimliyinin dəyişdirilməsinə haqq qazandırmaq olmaz. Ermənistan regionda sülh və mehriban qonşuluq münasibətlərinin qurulmasında maraqlıdırsa, bu kimi məsələlərə də həssas yanaşmalı, Azərbaycan xalqının tarixi-mədəni irsinə hörmətlə yanaşmalıdır. Tarixi və dini abidələr siyasi maraqların deyil, obyektiv tarixi həqiqətlərin qorunmasının predmeti olmalıdır. Göy məscidin Azərbaycan və İslam irsindəki yeri qorunmalı, onun tarixi mənsubiyyəti gələcək nəsillərə düzgün çatdırılmalıdır.