Avstraliyanın Viktoriya ştatında dostu ilə düşərgə qurarkən itkin düşən 17 yaşlı autizmli oğlan altı günlük axtarışdan sonra sağ tapılıb.
Turkustan.az xəbər verir ki, Uilyam Melburn şəhərindən təxminən 180 kilometr şərqdə yerləşən meşəlik ərazidə dostu ilə düşərgə qurarkən yoxa çıxıb.
Gecələrin həddindən artıq soyuq keçməsi səbəbindən səlahiyyətlilər yeniyetmənin sağlamlığı ilə bağlı ciddi narahatlıq keçiriblər.
Onun tapılması üçün hava və yerüstü axtarış əməliyyatları başladılıb. Əməliyyatlara polis itləri, dalğıclar və helikopterlər cəlb olunub.
Axtarış qruplarının helikopterdən çəkdiyi görüntülərdə Uilyamın qayanın üzərində xilas edilməsini gözlədiyi görünür.
Yeniyetmə cümə axşamı səhər saatlarında tapılaraq xilas edilib və ailəsinə qovuşub.
Aytən Yaşar/Turkustan.az