Azərbaycanda minimum 1 saat üzrə əməkhaqqının 34-50 manat səviyyəsində müəyyənləşdirilməsi təklif olunur. Bu məbləğin xüsusilə bir aydan az müddətə və həftədə 20 saatdan çox olmayan iş rejimi ilə çalışanlara şamil edilməsi nəzərdə tutulur.
Əmək və məşğulluq məsələləri üzrə mütəxəssis Vüqar Şahinoğlu “Bakupost”a bildirib ki, minimum 1 saat üzrə əməkhaqqı sisteminin tətbiqi Əmək Məcəlləsinə dəyişikliklər etməklə əmək münasibətlərinin daha çevik və müasir formada qurulmasına imkan verə bilər.
Onun sözlərinə görə, bu mexanizm xüsusilə kənd təsərrüfatı və ictimai iaşə sahələrində çalışanlar üçün əhəmiyyətlidir. Çünki həmin sahələrdə işin həcmi və müddəti mövsümdən, sifarişlərdən və iş qrafikindən asılı olaraq dəyişir. Belə şəraitdə əməkhaqqının faktiki işlənmiş saatlara uyğun hesablanması həm işçi, həm də işəgötürən üçün daha aydın mexanizm yarada bilər.
Mütəxəssis hesab edir ki, yeni sistemin tətbiqi üçün Əmək Məcəlləsinin 155-ci maddəsinə və digər müvafiq müddəalara dəyişiklik edilməlidir. Bu, qısamüddətli və natamam iş vaxtı ilə bağlı əmək münasibətlərinin rəsmiləşdirilməsinə, qeyri-formal məşğulluğun azalmasına və əməkhaqqının hesablanmasında şəffaflığın artmasına kömək edə bilər.
V.Şahinoğlu qeyd edib ki, hazırda Azərbaycanda minimum aylıq əməkhaqqı 400 manatdır. Normal iş vaxtı həftədə 40 saat, adətən gündə 8 saat təşkil edir. Beşgünlük və altıgünlük iş həftələrində iş saatlarının bölgüsü fərqləndiyindən, 400 manatlıq minimum əməkhaqqının 1 saat üzrə ekvivalenti də dəyişir. Onun hesablamasına görə, bu məbləğ təxminən 2-2,50 manat arasında dəyişə bilər.
Onun təklifinə əsasən, bir aydan az müddətə bağlanan əmək müqavilələri üzrə 1 saat üçün əməkhaqqının 35-50 manat olması mümkündür. Həftəlik iş vaxtı 20 saatdan çox olmayan natamam iş rejimində çalışanlar üçün də bu məbləğin tətbiqi nəzərdə tutula bilər.
Mütəxəssis hesab edir ki, yeni 1 saat üzrə minimum əməkhaqqı mövcud aylıq minimum əməkhaqqının 1 saat üzrə ekvivalentindən yüksək olmalıdır. Bu, az saat işləyən şəxslərin əməyinin dəyərdən düşməsinin qarşısını almaqla yanaşı, onların faktiki gəlirlərinin yaxşılaşmasına şərait yarada bilər.
V.Şahinoğlu vurğulayıb ki, 1 saat üzrə əməkhaqqının məbləği müəyyən edilərkən yaşayış xərcləri, inflyasiya, əmək məhsuldarlığı və işin xüsusiyyətləri nəzərə alınmalıdır. Eyni zamanda, 20 saatlıq iş rejimi ayrıca natamam iş vaxtı forması kimi qiymətləndirilməli, aylıq gəlirin isə faktiki işlənmiş saatlara uyğun hesablanması təmin edilməlidir.
Onun fikrincə, yeni sistemin effektiv işləməsi üçün nəzarət mexanizmləri də gücləndirilməlidir. İşçilərin faktiki iş saatlarının düzgün qeydə alınması, elektron vaxt uçotu sistemlərinin tətbiqi və iş qrafikləri ilə ödənilən əməkhaqqının müqayisəsi vacibdir. Bundan başqa, işçilərin əməkhaqqının və iş saatlarının düzgün göstərilməməsi ilə bağlı şikayət edə bilməsi üçün əlçatan mexanizmlər yaradılmalıdır.
O, işəgötürənlərin daimi iş yerlərini qısamüddətli və ya natamam iş vaxtı müqavilələri ilə əvəz etməsi riskinə də diqqət çəkib. O hesab edir ki, müqavilənin növü faktiki əmək münasibətlərinə uyğun olmalıdır. Yeni sistem tətbiq edilərkən işçilərin sosial sığorta və digər əmək hüquqlarının qorunması da təmin edilməlidir.
V.Şahinoğlunun fikrincə, minimum 1 saat üzrə əməkhaqqı sisteminin ilkin mərhələdə kənd təsərrüfatı və ictimai iaşə sahələrində tətbiqi məqsədəuyğundur. Bu mərhələdə dəyişikliklərin işçilərin gəlirlərinə, işəgötürənlərin xərclərinə və nəzarət mexanizmlərinin effektivliyinə təsiri qiymətləndirilməlidir. Nəticələr müsbət olarsa, sistemin digər sahələrə də mərhələli şəkildə genişləndirilməsi mümkündür.