MŞ-da “Azərbaycançılıq ideyası: media fəaliyyəti və yeni dövrün çağırışları” mövzusunda tədbir keçirilib


Mətbuat Şurasında “Azərbaycançılıq ideyası: media fəaliyyəti və yeni dövrün çağırışları” mövzusunda tədbir keçirilib.

Turkustan.az xəbər verir ki, tədbirdə Azərbaycan Mətbuat Şurasının sədri Vüqar Zifəroğlu, Milli Məclisin deputatları və akademiklər çıxış edib.

Azərbaycan Mətbuat Şurasının sədri Vüqar Zifəroğlu bildirib ki, müasir dövrdə informasiya müharibəsi, media manipulyasiyası kimi bir çox ciddi problemlərlə üz-üzə qalırıq: “Eyni zamanda, informasiya müharibəsində əsas hədəflərdən biri ideoloji hədəflər olur. Azərbaycançılıq ideologiyası bu mənada bizim yalnız öz milli-mənəvi dəyərlərimizi və dövlətçilik ənənələrimizi qorumağımız baxımından əhəmiyyətli deyil. Həm də ona görə əhəmiyyətlidir ki, informasiya müharibəsində, yeni dövrün çağırışları qarşısında biz bu ideologiya ətrafında daha sıx birləşməli və onun bizə öyrətdiyi təməl prinsiplərdən irəli gələrək mövcud manipulyasiyalara, bizə qarşı tətbiq olunan informasiya müharibəsi modellərinə qarşı mübarizə apara bilək. Azərbaycançılıq ideologiyası bizim dövlətçiliyimizin təməl prinsipidir. Bu mənada, məhz həmin ideologiyadan irəli gələn çağırışlar həm bu gün bəzi hallarda üzləşdiyimiz informasiya müharibəsi və media manipulyasiyasına qarşı mübarizəmizdə, həm də cəmiyyətimizdə bu problemlərə qarşı immunitetin formalaşmasında olduqca önəmli rol oynayır”.

O bildirib ki, azərbaycançılıq ideologiyası mediada daha geniş təbliğ edilməlidir: “Eyni zamanda, bu ideologiyanın təməl prinsipləri ilə bağlı daha ətraflı və aydın məlumat verməliyik ki, həm gənc, həm də orta nəsil daha artıq dərəcədə həmin immuniteti qazana bilsin. Son bir ayda müxtəlif mövzularda manipulyasiyaların və Azərbaycana qarşı aparılan çirkin kampaniyaların şahidi oluruq. Bütün bu məqamlar birmənalı şəkildə bizi jurnalistlər olaraq bu məsələlərdə olduqca həssas davranmağa vadar edir. Həmçinin jurnalist də cəmiyyətə təsir etmək gücünə malik sosial-siyasi institutdur. Bir sosial-siyasi təsisat, institut olaraq, cəmiyyət qarşısında daşımalı olduğumuz məsuliyyətdən irəli gələrək bu proseslərə adekvat reaksiya verməliyik”.

O qeyd edib ki, son bir ay ərzində Mətbuat Şurası tərəfindən dezinformasiyalarla bağlı iki bəyanat və bir məzmunu rəsmi açıqlama olan müraciət yayımlanıb: “Təkcə Mətbuat Şurası deyil, Media və Yayım Şurası da maksimum dərəcədə bu məsələlərə həssas davranış nümayiş etdirir. Amma burada başqa bir məqam da ondan ibarətdir ki, cəmiyyətimizin özündə də bir instinkt, özünümüdafiə sistemi formalaşmalıdır. Bu artıq media savadlılığı ilə bağlı olan məsələlərdir. Məsələn, bir jurnalist media savadlı olmaya bilməz. Bütün jurnalistlər media savadlıdır. Bu, birmənalıdır. Bu, bizim peşə fəaliyyətimizin fəlsəfəsindən irəli gələn məsələdir. Amma digər peşə sahiblərinin media savadlılığı olmaya bilər. Bəs biz nə etməliyik? Biz bu istiqamətdə də öz işimizi qurmalıyıq. Jurnalist olaraq bu istiqamətdə səfərbərlik nümayiş etdirməliyik. Bununla bağlı biz özümüzə uyğun bir model yarada bilərik. Media savadlılığını orta məktəblərin tədris proqramına daxil etməklə, əslində, uşaqlarımızda hələ kiçik yaşlarından özünümüdafiə instinktini formalaşdıra bilərik. Çünki saxta xəbərlərin təsirinə o insanlar düşürlər ki, onlar medianın mahiyyəti barədə ya az məlumatlıdırlar, ya da ümumiyyətlə, məlumatları yoxdur”.

Atatürk Mərkəzinin müdiri, akademik Nizami Cəfərov bildirib ki, Azərbaycançılıq ilk növbədə Azərbaycan xalqının etnoqrafik özünəməxsusluğudur: “Dinin etnoslar qarşısında müəyyən məsuliyyəti olur. Etnosun da din qarşısında məsuliyyəti var. Bu, daha çox mədəni dialoq kimi xarakterizə oluna bilər. Amma həmin din birbaşa konkret bir etnosa məxsus olduqda, vəziyyət daha da mürəkkəbləşir. Bu zaman ciddi psixoloji problemlər yaşanır. Digər tərəfdən, ümumbəşəri humanizm, insani dəyərlərlə bağlıdır. Biz özümüzü nə qədər hansısa etnosa və ya dinə aid etsək də, unutmamalıyıq ki, eyni zamanda dünyanın övladlarıyıq. Buna görə də ümumbəşəri dəyərlər bu məqamda birləşdirici rol oynayır. Bu komponentlərin birləşdiyi dövr, təbii ki, Azərbaycan xalqının təşəkkül tapdığı dövrdür. Azərbaycan xalqı formalaşandan etibarən bu komponentlər, özünəməxsusluq vahid şəkildə mövcud olub. Bundan əvvəl də, bundan sonra da bu komponentlər arasındakı qarşılıqlı əlaqə heç vaxt tamamilə kəsilməyib. Sadəcə, bu əlaqələr bəzən zəifləyə bilir”.

Onun sözlərinə görə, bəzən etnik amil, bəzən dini amil, bəzən də coğrafi və ümumbəşəri amillər üstünlük təşkil edir: “İdeal vəziyyət isə bu komponentlərin bir-birini tənzimləməsidir. Əgər onlar bir-birini tənzimləməsə, Azərbaycan xalqı ya dini düşüncənin, yəni islam düşüncəsinin, ya türkçü düşüncənin təsiri altına düşə bilər, ya da müasir, lakin bu komponentlərin heç birinə tam uyğun gəlməyən başqa bir düşüncə istiqamətinə yönələ bilər. Bizim bu mənada dialoqumuzun etnoqrafik xarakteri “Kitabi-Dədə Qorqud”un strukturunda öz əksini tapır. Dədə Qorqud da bu komponentlərin içindədir. Dədə Qorqud bir türk abidəsidir. Dədə Qorqud İslam uğrunda mübarizəyə girən bir cəmiyyətin abidəsidir. Yəni burada əsas parol İslam uğrunda mübarizədir. İslamın nə olduğunu bilərək yaşamaq, İslam uğrunda mübarizə aparmaq ideyasıdır. Amma burada ümumi pafos, mübarizəyə qoşulmaq və İslam uğrunda mübarizə aparmaq əzmi də var. Sonrakı dövrlərdə xalq ədəbiyyatında, sufizmdə də İslamın mahiyyətini dərk etməyə çalışmışıq. Bu gün də İslamı kifayət qədər yaxşı tanıyırıq. İslamın müxtəlif təzahürlərini görürük. Ona görə də hər bir xalqda olduğu kimi, bizim də düşüncələrimizdə bu komponentlərin hər birini müəyyənləşdirmək mümkündür. Bu istiqamətdə çox ciddi problemlər də yaranır. Yəni burada tam vəhdət, tam dini azərbaycançılıq ideyasından danışarkən həmin komponentlər arasında səmimi əlaqənin nə dərəcədə yaradıldığını və qorunduğunu göstərməliyik”.

Milli Məclisin deputatı, professor Aydın Mirzəzadə deyib ki, Azərbaycançılıq ideyasının inkişafında hər bir mətbuat orqanının fəaliyyəti, onun formalaşma şəraiti və cəmiyyətin maraqlarının təmin olunması mühüm rol oynayır: “Bu fəaliyyət ictimai şüura uyğun şəkildə qurulmalıdır. Bu qaydaların seçilməsi və tətbiqi həmin münasibətlərin xarakterini müəyyənləşdirir. Bu onu göstərir ki, mətbuat qarşısında qoyulan məqsədlər və hər yeni fəaliyyət istiqaməti yalnız təcrübə qazanmaqla məhdudlaşmamalı, eyni zamanda, mövcud məsələlərin həllinə ciddi təsir göstərməlidir. Vaxtilə Azərbaycan xalqı bu dəyərlərin formalaşmasında mühüm rol oynayan kitablar və ziyalılar yetişdirirdi. Sanki cəmiyyət aşağıdan başlayaraq tarixin səhnəsinə özünün dəyərli oğullarını çıxarırdı.
Bu prosesə XIX əsrin əvvəllərindən etibarən Mirzə Kazım bəy, Mirzə Fətəli Axundzadə, Həsən bəy Zərdabi və başqaları ilə başlanıldı. Dövlət bu prosesə dəstək vermirdi, amma Azərbaycan cəmiyyəti özü bu şəxsiyyətləri yetişdirirdi. Halbuki onların Azərbaycançılıq təfəkkürünün formalaşmasına çox böyük təsiri olub. Hesab edirəm ki, ideologiya dediyimiz anlayış təkcə sözdən ibarət deyil. Bu, eyni zamanda, konkret fəaliyyətdir. Əgər ideologiyanızı konkret fəaliyyətlə nümayiş etdirmirsinizsə, o, sadəcə deklarasiya, tarixi bir bəyanat olaraq qalır. Şübhəsiz ki, bu proses sonradan daha konkret fəaliyyətə çevrildi. Ulu öndər Heydər Əliyevin 1969-cu ildə Azərbaycan Dövlət Universitetinin yubileyində Azərbaycan dilində çıxış etməsi özü də çox böyük cəsarət tələb edirdi. SSRİ dövlətinin çox ciddi sütunlarından birinin rəhbərinin, faktiki olaraq rəsmi və aparıcı dil olmasa da, yerli xalqın dilində çıxış etməsi mühüm hadisə idi. Həmçinin 1978-ci ildə Konstitusiyamızda Azərbaycan dilinin dövlət dili elan edilməsi də tarixi hadisə idi. SSRİ-nin 15 respublikası arasında yalnız iki respublikanın konstitusiyasında yerli xalqın dili dövlət dili kimi təsbit edilmişdi. Bunlardan biri Azərbaycan, digəri isə Qırğızıstan idi. Bu, çox böyük cəsarət tələb edən addım idi”.

O deyib ki, Azərbaycançılığın ən böyük təzahürlərindən biri kimi Azərbaycanın öz kimliyini qorumasını qeyd edə bilərik: “Biz öz kimliyimizi ən yüksək səviyyədə qoruyuruq. Bu günlərdə Azərbaycana qarşı qardaş və dost ölkələrdən birində başlanan kampaniya fonunda Azərbaycan öz kimliyini necə təsdiqləyə bildi? Hətta bizi istəməyənlərin belə bizə hörmətlə yanaşmasına nail olmaq, Azərbaycanın bu prosesdən uğurla çıxmaq və s. azərbaycançılığın təzahürüdür”.

Tarix üzrə fəlsəfə doktoru, tədqiqatçı jurnalist Cavid İsmayılov deyib ki, Azərbaycançılıq ideologiyası yenilənən ideologiyadır: “Biz istər 1992–1993-cü illərdə gördüyümüz hadisələri, istərsə də 1990-cı illərdə Azərbaycandan çıxan insanların, torpaqlarımız işğal olunduqdan sonra bir milyona yaxın vətəndaşımızın məcburi köçkün vəziyyətinə düşməsini nəzərə almalıyıq. O dövrdə müxtəlif xeyriyyə təşkilatları adı altında Azərbaycana, istər islam, istərsə də xristian missionerləri daxil olur, müxtəlif fəaliyyətlər həyata keçirirdilər. Bəzi hallarda bu fəaliyyətlər dövlətimizi zəiflətməyə, hətta parçalanmaya yönəlirdi. Lakin sonradan dövlətimiz bu cür təhlükə yaradan qüvvələrə öz yerini göstərdi. Ulu öndər Heydər Əliyevin dövründə də milli kimliyimizi qorumaq üçün addımlar atılıb. Azərbaycanın dövlətçilik ideologiyasının formalaşmasında, Azərbaycanın milli kimliyinin qorunmasında birinci mərhələ artıq başa çatıb”.

Milli Məclisin deputatı Vüqar Rəhimzadə deyib ki, müharibələr təkcə silahlardan açılan atəşlər nəticəsində baş vermir: “Mübarizə həm də ideoloji müstəvidə, ideologiya vasitəsilə aparılır. Bu baxımdan, ideoloji sahədə daim ayıq-sayıq olmaq, ənənələrimizi qorumaq, azərbaycançılıq ideologiyasına söykənərək öz mövqeyimizi hər zaman açıq şəkildə ortaya qoymaq və bu təhdidlərin qarşısının alınmasında vətəndaşlıq missiyamızı yerinə yetirmək vacibdir. Dünyada çox mürəkkəb proseslər gedir. Azərbaycan bu regionda və dünyada cənab Prezidentimizin dəstəyi ilə kifayət qədər unikal xarici siyasət həyata keçirir. Dünyada çoxsaylı müharibələrin, gərginliklərin, silahlı münaqişələrin yaşandığı bir şəraitdə Azərbaycanı qorumaq həqiqətən də böyük fədakarlıqdır.
Amma hər bir Azərbaycan vətəndaşı, əlbəttə ki, mövcud dünyada baş verən mənfi tendensiyalar, ideoloji təxribatlar fonunda sabitliyin və əmin-amanlığın qorunması üçün səfərbər olmalı, öz mövqeyini açıq və fəal şəkildə ortaya qoymalıdır. Dövlətimizin və dövlətçiliyimizin, milli-mənəvi dəyərlərimizin davamlı şəkildə qorunmasına öz töhfəsini verməlidir”.

Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib ki, bu gün bəzən türkçülüklə İslam qarşı-qarşıya qoyulur:

“Müasirlik anlayışını da başqa məqamlarla səhv salırıq. Cəmiyyətdə baş verən proseslərə diqqətlə baxdıqda, kifayət qədər düşündürücü məqamların ortaya çıxdığını görürük. Məsələ ondadır ki, VII-VIII əsrlərdə İslam Azərbaycana gəldikdən sonra biz xalq olaraq bu dini mənimsədik. Azərbaycan xalqı İslamı qəbul etdi və onun dəyərlərini mənimsədi. Nizami, Füzuli, Nəsimi kimi bir çox şairlərimiz bu dini dəyərlər və ideyalar əsasında əsərlər yaratdılar. Deyə bilərik ki, Azərbaycan xalqı İslam mədəniyyətinin formalaşmasında böyük rol oynayıb. Bu gün İslam dəyərlərindən danışarkən həmin tarixi və mədəni rolu, Azərbaycan xalqının bu prosesə verdiyi töhfəni arxa plana keçirmək məsələsi də ortaya çıxır. Bu, ciddi məsələdir. İslam dini və onun cəmiyyətimizdəki, mədəniyyətimizdəki yeri ilə bağlı bəzən çox radikal fikirlər səsləndirilir. Məsələn, bu yaxınlarda belə bir fikir eşitdim: “Biz gərək İslamı qəbul etməyəydik”. Bu mənim fikrimcə, yanlış yanaşmadır. Hesab edirəm ki, Azərbaycan xalqı çox doğru seçim edib. Biz İslamı qəbul etməklə mənəviyyat və əxlaq baxımından bir çox dəyərləri mənimsəmişik. Bu din xalqımızın bir cəmiyyət kimi formalaşmasında böyük rol oynayıb. Burada türkçülük məsələsi də var. Bu gün biz türk kimliyimizi qəbul edirik və bu, bizim üçün çox önəmlidir. Bizim cəmiyyətimiz kifayət qədər müasirdir. Azərbaycan cəmiyyətindən dini dəyərləri, dini kimliyi tamamilə çıxara bilərikmi? Xeyr. Yetmiş il sovet dövrü bunu etməyə çalışdı, amma bacarmadı. Azərbaycanda ciddi təhlükə yaradan məqamlardan biri budur: dindarlaşma prosesi gedir, amma bu, çox zəif templə baş verir. Bu, az da olsa, bir irəliləyişdir. Füzulinin, Nizaminin yaradıcılığına baxanda görürük ki, onlar İslamı mənimsəyərək xalqımızın mənəviyyatına uyğunlaşdırıblar, onu özününküləşdiriblər, öz kimliklərini qoruyublar”.

MŞ-nin sədrinin müavini Müşfiq Ələsgərli deyib ki, indi sosial şəbəkələrin üstünlük təşkil etdiyi dövrdəyik: “Azərbaycanın 80%-i sosial şəbəkə istifadəçisidir. Bu gün sosial mediada dezinformasiya sürətlə yayılır. Əvəllər bu məsələlər akademik çərçivədə, müəyyən platformalarda mütəxəssis işləri çərçivəsində tamamlanırdı. İctimai rəydə yanlış fikirlər yox idi. Bu gün isə sosial şəbəkələrdə dezinformasiyalar, yanlış fikirlər daha çox yayılır".

MŞ İdarə Heyətinin üzvü Elçin Alıoğlu deyib ki, Azərbaycançılıq keçmişi xatırlamaq deyil: “Azərbaycançılıq sadəcə bir şüar deyil, yeni ideyadır. Azərbaycançılıq vətənpərvərlikdən daha artığıdır, bizim kimliyimizdir. Azərbaycan alimləri üzərlərinə düşən vəzifənin öhdəsindən gəlir. Bu işi publik şəkildə cəmiyyətə ötürəcək şəxslər bu işlə maraqlanırmı? Azərbaycançılıq ideologiyası ilə bağlı son vaxtlar hansı ciddi əsərlər görmüşük? Bu sahədə ciddi ideoloji boşluqlarımız var. Azərbaycançılıq ancaq tarixdə olub keçənləri xatırlamaq deyil, nə etməliyik sualına cavab tapmaqdır”.

Çıxışlardan sonra tədbir mövzu ətrafında müzakirələrlə davam edib.


MANŞET XƏBƏRLƏRİ