İstanbul Gelişim Universiteti və Türk Akademiklər Birliyinin birgə təşkilatçılığı ilə “Türk dünyasında iqtisadi inkişaf: Müasir tendensiyalar və qlobal çağırışlar” mövzusunda I Beynəlxalq Konfrans keçiriləcək.
Turkustan.az xəbər verir ki, 4-5 dekabr 2026-cı il tarixlərində onlayn formatda təşkil olunacaq beynəlxalq elmi tədbir Türk dövlətlərinin iqtisadiyyatında baş verən aktual proseslərin elmi müstəvidə müzakirəsinə, beynəlxalq akademik əlaqələrin genişləndirilməsinə və elmi əməkdaşlığın gücləndirilməsinə xidmət edəcək.
Konfransın sədrləri Türkiyədən Türk Akademiklər Birliyinin sədri, dosent İzzettin Özpolat və Azərbaycandan Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutunun “İnklüziv sosial inkişaf” şöbəsinin müdiri, iqtisad elmləri doktoru, professor Rəsmiyyə Sabir Abdullayevadır. Konfransın Təşkilat Komitəsinin sədri isə İstanbul Gelişim Universitetinin əməkdaşı, dosent Burçin Çakır Gündoğdudur.
Konfransın əsas məqsədi Türk dövlətlərinin iqtisadiyyatlarında baş verən müasir inkişaf meyillərini elmi yanaşma əsasında araşdırmaq, müxtəlif ölkələrdən olan alimləri, tədqiqatçıları və doktorantları vahid akademik platformada bir araya gətirmək, eləcə də yeni elmi əməkdaşlıq imkanları yaratmaqdır.
İqtisadiyyatla yanaşı, iqtisadi və sosial inkişafla əlaqəli digər sahələri əhatə edən nəzəri və empirik xarakterli orijinal elmi tədqiqatlar konfrans çərçivəsində dəyərləndiriləcək. İqtisadi artım və inkişaf, beynəlxalq ticarət, maliyyə və bank işi, enerji iqtisadiyyatı, dayanıqlı inkişaf və ətraf mühit iqtisadiyyatı, rəqəmsal transformasiya, əmək bazarı, sahibkarlıq və innovasiya konfransın əsas elmi istiqamətləri sırasındadır.
Konfransın Türk dünyasında elmi bilik və təcrübə mübadiləsinin genişləndirilməsinə, iqtisadi inkişafla bağlı yeni tədqiqat istiqamətlərinin müəyyənləşdirilməsinə və müxtəlif ölkələrin akademik dairələri arasında uzunmüddətli əməkdaşlıq əlaqələrinin qurulmasına töhfə verəcəyi gözlənilir.
Konfransın sədri, i.e.d., prof. Rəsmiyyə Abdullayevanın verdiyi məlumata əsasən, artıq 16 ölkədən 125-dən çox iştirakçı konfransda iştirak etmək üçün müraciət edib.