Putin necə qorunur... - Prezidentin CANGÜDƏNLƏRİ - FOTOLAR


25 ildən artıqdır ki, Rusiyaya rəhbərlik edən Vladimir Putin dünən 73 yaşını qeyd etdi.

Araşdırmalara görə, Putin hazırda dünyada ən güclü şəkildə qorunan liderlərindən biridir. Onun təhlükəsizliyinə məsul olan şəxslər - yəni şəxsi cangüdənləri yalnız fiziki güc baxımından deyil, həm də peşəkarlıq, sədaqət və yüksək hazırlıq səviyyəsi ilə seçilirlər. Bəs bu adamlar kimlərdir və Putin necə qorunur?

Modern.az bir neçə gün öncə Prezidentin Təhlükəsizlik Xidmətinin rəhbəri Aleksey Rubejnoydan bəhs edən araşdırma yazısı təqdim etmişdi. Həmin yazının davamı olaraq Putinin cangüdənləri haqda növbəti materialı diqqətinizə çatdırırıq.

Vladimir Putini qoruyan əsas qurum - Federal Mühafizə Xidməti (FMX) - Rusiyanın ən qapalı və sirli təşkilatlarından biridir. 1996-cı ildə yaradılan bu xidmətin əsas vəzifəsi prezidentin, yüksək vəzifəli dövlət rəsmilərinin, strateji obyektlərin və rəsmi tədbirlərin təhlükəsizliyini təmin etməkdir. Xidmət keçmiş SSRİ dövründən miras qalan və “KQB”nin elit strukturuna əsaslanan ciddi seleksiya prosesi ilə formalaşır.

Putinin şəxsi mühafizəçiləri təsadüfi insanlar deyil. Onlar Federal Mühafizə Xidməti daxilində fəaliyyət göstərən "Prezidentin Təhlükəsizlik Xidməti" adlı xüsusi bölmədən seçilirlər. Buraya düşmək üçün namizədlər aşağıdakı meyarlardan keçməlidirlər:

Yaş: 35-dən yuxarı olmamalıdır;
Boy: 180 sm-dən aşağı olmamalıdır;
Fiziki hazırlıq: Yüksək səviyyədə dözümlülük, döyüş bacarıqları;
Psixoloji testlər: Qərarvermə qabiliyyəti, təzyiq altında sakit qalmaq bacarığı;
Təhlükəsizlik araşdırması: Ailəsi daxil olmaqla bütün keçmişi araşdırılır;
Loyalite testləri: Dövlətə və şəxsən prezidentə sadiqlik.


Prezidentlərin cangüdənləri dövlət sirlərinin daşıyıcısıdırlar – Onlar dövlət başçılarının şəxsi rejimi, planları, hətta sağlamlıq vəziyyəti barədə məlumatlı olurlar. Rusiya qanunlarına görə, cangüdənlər prezident haqqında məlumatları açıqlamağa ömürlük qadağa altındadırlar.

Araşdırmalara görə, Vladimir Putinin yanında görünən cangüdənlər sadəcə “vitrin”dir. Görünməyən təhlükəsizlik əməkdaşları, snayperlər, müşahidəçilər, kəşfiyyat dronları və xüsusi rabitə ilə təmin olunanlar da var. Hər rəsmi səfərdən əvvəl prezidentin gedəcəyi məkan günlərlə yoxlanılır.

Putinin mühafizəçilərinin orta yaşı hazırda 36-dır. Onlar əsasən, müxtəlif döyüş sənətlərində atletik dərəcələri və ya titulları olan şəxslərdir.

Putinin səfərləri, yerli vaxt və tarix açıqlanmadan bir neçə gün öncə Federal Mühafizə Xidməti tərəfindən təhlükəsizlik məqsədilə gizli planlaşdırılır.

Vaxtilə Putinin ətrafında olmuş keçmiş cangüdənlərdən bir neçəsi sonradan mətbuatda görünərək müəyyən açıqlamalar veriblər. Məsələn, keçmiş cangüdən Qleb Karakulov 2023-cü ildə Qərbə qaçaraq bir sıra sensasion açıqlamalar vermişdi. O, Putinlə bağlı bəzi “qapalı həyat tərzi” detallarını bölüşmüşdü - məsələn, prezidentin heç vaxt mobil telefon istifadə etməməsi, xüsusi qatarla səyahət etməsi və iz buraxmamaq üçün müəyyən protokollara riayət etməsi kimi...


Qərb mətbuatındakı araşdırmalarda etiraf olunur ki, Vladimir Putinin təhlükəsizliyi hərbi və texnoloji cəhətdən ən yüksək səviyyədə qorunur. Onun cangüdənləri təkcə fiziki deyil, həm də siyasi və informasiya təhlükəsizliyini təmin edən elit kadrlardır. Onlar Rusiya dövlətinin ən sirli və etibarlı şəxsləri hesab olunurlar. Putinin cangüdənləri yüksək vəzifələrə can atmırlar, dövlət başçısına sadiqdirlər və prezident uğrunda təkcə öldürmyə deyil, ölməyə də hazırdırlar. Amma Putin istəyəndə, onları müxtəlif vəzifələrə təyin edir və belə faktlar kifayət qədərdir.

“Dosye” Mərkəzi Rusiya Prezidentin hücumlardan, zəhərlənmələrdən və telefon dinləmələrindən necə qorunduğunu araşdırıb. Bu araşdırma zamanı 2021-ci ildə çəkilmiş "Bizim xidmət" filmindən istifadə edilib. Sözügedən film ictimaiyyətə açıq olmadığından və televiziyada yayımlanmadığından, çox güman ki, Federal Mühafizə Xidmətinə bağlı şəxslərin məhdud auditoriyası üçün nəzərdə tutulub.

Araşdırmalara görə, 2018-ci ildə Putinin şəxsi mühafizəçilərinin maaşı təxminən 80 min rubl olub. İndi isə bu məbləğin 180.000 ilə 226.000 rubl arasında dəyişdiyi bildirilir.

Putinin mühafizəçiləri onu bütün daxili və xarici səfərlərində müşayiət edir və təyyarədə prezidentlə birlikdə uçurlar. Mühafizəçilər Putinin bütün iqamətgahlarına, mənzillərinə nəzarət edirlər.

Rusiya prezidentinin səfərləri zamanı müşayiət heyəti iki hissəyə bölünür: bəziləri birbaşa Putinlə gedir, digərləri isə təyinat yerinə əvvəlcədən çatırlar. Federal Mühafizə Xidməti bütün nəqliyyatı - həm avtomobilləri, həm də zirehli qatarları təmin edir və döyüş təyyarələri uçuşlar zamanı prezidentin təyyarəsini müşayiət edir.


Prezidenti xaricə səfərləri zamanı eskort qrupu müşayiət edir. Qrup üzvlərinin sayının 100-ə yaxın olduğu ehtimal edilir.

Araşdırmala görə, Putinin aşpazları da hərbçilərdir və müxtəlif rütbələrə malikdirlər. "Bizim xidmət" filmi hər bir aşpaz və ofisiantın həqiqətən necə "xüsusi tələbləri olan bir işçi" olduğunu təsvir edir. Bu tələblərə odlu silah hazırlığı, döyüş hazırlığı və taktiki hazırlıq daxildir.
“Biz də boş vaxtlarımızda atıcılıq meydançasına gedirik, müəyyən taktiki məşqlərlə də məşğul oluruq", - aşpazlardan biri filmdə deyir.

Aşpazlar üçün əsas qaydalar əlcək taxmaq, gündə bir neçə dəfə formalarını dəyişmək, əllərində kəsik olub-olmadığını yoxlatmaqdır. Prezident mətbəxinə gətirlən bütün ərzaqlar hərtərəfli yoxlanılır. Xüsusi nəzarətə baxmayaraq, dövlət başçısı üçün hazırlanan bütün xörəkləri həmişə əvvəlcə mühafizəçilər dadır. Zəhərli xörək hazırlansa, öncə onlar zəhərlənəcəklər.

“Bizim xidmət” filmində Putinin üstünlükləri belə təsvir edilir: o, “fast food” yemir və axşamlar ətdən uzaq durmağa çalışır. Onun sevimli yeməkləri arasında badımcan qəlyanaltıları, Olivier salatı və ov heyvanlarının qaraciyəri var. Putin adi çay içmir; rəsmi tədbirlər zamanı onun üçün itburnu və zəncəfil çayı hazırlanır. Prezident çox nadir hallarda spirtli içki qəbul edir.

Putini səfərlərdə aşpazlar da müşayiət edir. Onun aşpazı Vladimir Oleqoviç “Bizim xidmət” filmində deyir: "Lider harada olur-olsun, biz oradayıq. Yəni, istər işgüzar səfər, istər tətil, istərsə də özəl mərasim olsun, biz həmişə oradayıq. Böyük tədbir olanda biz də ona nəzarət edirik. Bəli, rəsmi tədbirlərdə işləyən aşpazlar da var. Amma biz onlara nəzarət edirik".

Putinlə bağlı yalnız qidaya deyil, ətraf mühitə, təmizliyə də ciddi tələblər qoyulub. Prezident Aparatı hər gün xüsusi məhsullarla təmizlənir, bu təcrübəyə hələ pandemiyadan əvvəl başlanıb.

Prezidentin Mühafizə Xidməti öz əməkdaşları üçün geniş imkanlar yaradır. Məsələn, onlar vəzifə ala bilərlər. Buna misal olaraq prezidentin keçmiş mühafizəçisi Aleksey Dyumini göstərirlər. A.Dyumin 1999-cu ildən Putini qoruyub. 2016-cı ildə Dyumin Tula vilayətinin qubernatoru, 2024-cü ildə isə prezidentin köməkçisi və Dövlət Şurasının katibi olub. 2016-cı ildə Rusiya Milli Qvardiyasına nəzarəti ələ keçirmiş Viktor Zolotov, həmçinin Yaroslavl, Həştərxan və Kalininqrad vilayətlərinin qubernatoru vəzifələrində çalışmış Dmitri Mironov, Sergey Morozov və Yevgeni Ziniçev də vaxtilə Putinin mühafizəçiləri olublar.
Keçmiş mühafizəçi Valeri Pikalev isə 2019-cu ildə Sankt-Peterburqun vitse-qubernatoru olub və 2024-cü ildən Federal Gömrük Xidmətinə rəhbərlik edir.


“Dosye” Mərkəzi rəsmi foto məlumatlarına əsasən, müəyən edib ki, son bir ildə Putini səfərlərində ən çox müşayiət edən mühafizəçilər bunlar olub: Anton Afinogenov, Andrey Annenkov, Aleksandr Qorelikov, Anatoli Koçkin, Konstantin Panin, Maksim Stepanov, Dmitri Fomin, Yaroslav Çubko, Yuri Şurov.

Beləliklə, Putinin cangüdənləri onun gündəlik həyatının və siyasi fəaliyyətinin ayrılmaz tərkib hissəsidir. Onların işi çox vaxt görünməz olsa da, əslində ölkənin sabitliyində mühüm rol oynayırlar.

Rusiya üçün liderin təhlükəsizliyi sanki bütöv bir rejimin təhlükəsizliyi ilə eynidir. Putinin cangüdənləri də bu rejimin ayrılmaz hissəsi olaraq qalırlar.

Nəticə etibarilə, Vladimir Putinin cangüdənləri təkcə onun fiziki təhlükəsizliyini təmin edən şəxslər deyil, həm də dövlətin gücünü və idarəetmə sisteminin nə dərəcədə mərkəzləşdiyini əks etdirən simvollardır. Onların fəaliyyəti Rusiya rəhbərliyində təhlükəsizlik və nəzarətə verilən böyük önəmi bir daha göstərir.


MANŞET XƏBƏRLƏRİ