Moskvanın Jukovski hava limanında saxlanılan Azərbaycan vətəndaşları ilə bağlı məsələ Azərbaycanın Rusiyadakı Səfirliyinin nəzarətindədir.
Turkustan.az-ın xəbərinə görə, səfirlikdən APA-nın Moskva bürosuna verilən açıqlamada bildirilib ki, hazırda konsulluğun əməkdaşları bu məsələnin həlli ilə məşğuldurlar.
Səfirlikdən o da bildirilib ki, Azərbaycan vətəndaşları Rusiya Federasiyasına gəlməmişdən 72 saat öncə müvafiq proqramda qeydiyyatdan keçib icazə almalıdırlar, lakin təəssüflər olsun ki, vətəndaşlarımız buna əməl etmirlər:
“Ona görə də, bu problemlərlə qarşılaşırlar. Bir məsələ də var. Belə ki, Jukovski hava limanında saxlanılanlar orada bir həftəyə qədər də saxlanıla bilirlər. Çünki orada saxlanılanları Rusiya tərəfi özləri ölkələrinə geri qaytarırlar. Belə ki, Jurkovski hava limanına Azərbaycan təyyarələri uçmur, ancaq Rusiya təyyarələri uçur. Bu reyslər də həftədə iki dəfə: birinci və dördüncü günlər həyata keçirilir. Ona görə də, sabah təyyarə dolu olmasa, yer olsa, videosu yayılan vətəndaşlarımızı Azərbaycana sabah göndərsinlər. Yer olmasa, gələn həftənin birinci günü göndəriləcəklər”, deyə həmsöhbətimiz bildirib.
xxx
Bu il oktyabrın 6-da Azərbaycan vətəndaşları Bakıdan Moskvaya uçub və Moskva yaxınlığındakı Jukovski aeroportuna eniblər. Sərnişinlərdən birinin sözlərinə görə, enişdən dərhal sonra o və iki həmvətənini aeroport işçiləri heç bir izahat vermədən saxlayıb və terminalın ikinci mərtəbəsinə aparıblar.
Turkustan.az xəbər verir ki, orada onları cəzaçəkmə müəssisəsini xatırladan bağlı otağa yerləşdiriblər. Onlarla birlikdə Mərkəzi Asiya ölkələrinin vətəndaşları da olub.
Şahidlərin sözlərinə görə, həmin otağın qapısı daimi bağlı qalıb və onlara video-nəzarət kameraları ilə nəzarət ediblər:
“Saxlanılanlara yemək və su verilməyib. Hər üç şəxs artıq Azərbaycan hökumətinə müraciət edərək yardım istəyib”.
Bizim.Media