AYNA ictimai nəqliyyatda nağdsız ödəniş və yeni mobil tətbiqləri istifadəyə hazırlayır.
Belə tətbiqlərdən biri də hazırda test mərhələsində olan MaaS (Mobility as a Service) tətbiqidir. Mobil tətbiqi vasitəsilə istifadəçilər avtobusların gəliş vaxtını real vaxt rejimində izləyə biləcəklər.
Turkustan.az-ın sorğusuna cavab olaraq Agentlikdən bildirilib ki, AYNA MaaS (Mobility as a Service) mobil tətbiqi sayəsində istifadəçilər avtobusların gəliş vaxtını real vaxtda izləyə biləcəklər.
"Bu yenilik ictimai nəqliyyatda şəffaflıq və rahatlığı artıraraq sərnişinlərin vaxtına qənaət etməyə imkan verəcək. Hazırda layihənin beta-versiyası test olunur. Sınaqlardan sonra tətbiq ictimaiyyətin ixtiyarına veriləcək", - qurumdan verilən açıqlamada qeyd olunub.
Agentlik bildirir ki, sərnişinlərə göstərilən xidmət keyfiyyətinin artırılması və vətəndaş məmnunluğunun təmin edilməsi məqsədilə hazırda AYNA tərəfində innovativ həllər üzərində iş aparılır. /modern.az/