İsrail və HƏMAS girov və məhbusların siyahısını mübadilə edir - Reuters


ABŞ prezidenti Donald Trampın Qəzzada müharibəyə son qoymaq planı ilə bağlı danışıqların davam etdiyi Misirdə Həmas və İsrail nümayəndələri mübadilə çərçivəsində azad ediləcək israilli girovlar və fələstinli məhbusların siyahılarını mübadilə ediblər.

Turkustan.az xəbər verir ki, bu barədə qrupun nümayəndəsinə istinadən Reuters agentliyi məlumat yayıb.

ABŞ nümayəndə heyətinin danışıqlarda, o cümlədən Trampın birinci dövründə Yaxın Şərq üzrə elçi vəzifəsində çalışmış xüsusi nümayəndə Stiv Vitkoff və Jared Kuşnerin iştirak edəcəyi gözlənilir.

İsrail rəsmisinin bildirdiyinə görə, çərşənbə günü günortadan sonra baş nazir Benyamin Netanyahunun yaxın adamı olan İsrailin strateji işlər naziri Ron Dermerin danışıqlara qatılacağı gözlənilir. Danışıqlarda əsas vasitəçi olan Qətərin baş naziri Şeyx Məhəmməd bin Əbdülrəhman əl-Tani və Türkiyə kəşfiyyatının rəhbəri İbrahim Kalının da iştirakı gözlənilir.

HƏMAS İsrail qüvvələrinin anklavdan tamamilə çıxarılmasını tələb edir və Qəzzanı idarə etmək üçün Fələstinin “milli texnokratik qurumu”nun yaradılmasına razılıq verib. İsrail isə HƏMAS-ın tərksilah edilməsini tələb edir, lakin qrup buna razı deyil.

Nəşrin mənbələrinin məlumatına görə, hazırda danışıqlarda əsas diqqət hərbi əməliyyatların dayandırılması və girovların azad edilməsinə yönəlib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ