Gürcüstanda son baş verən etirazlar fonunda Avropa İttifaqı (Aİ) ilə Rusiya arasında Cənubi Qafqaz uğrunda mübarizə yenidən gündəmə gəlib.
Moskva rəsmiləri hər üç region ölkəsinə də çağırış edərək Ukrayna ssenarisini xatırladır və müəyyən təhdidlər səsləndirirlər. Gürcüstanla yanaşı, Azərbaycan və Ermənistanın da Aİ ilə yaxınlaşması, əlaqələrini genişləndirməsi və ortaq platformalara qatılması tənqid edilir.
Kremlin məqsədi nədir? Bu mübarizədə qalib hansı tərəf olacaq?
Globalinfo.az-a danışan politoloq Elşad Həsənov bildirib ki, dünya tamamilə qarışıb, bir çox bölgələrdə müharibələr gedir və böyük güclər arasında nüfuz uğrunda mübarizə müşahidə olunur:
“Yeni güclər də meydana çıxmaqdadır. Dünya artıq çoxqütblü olacaq. Hazırda baş verən müharibələr də məhz bu prosesin nəticəsidir. Brüssel-Moskva qarşıdurması artıq 4-cü ildir davam edir. Bu mübarizə Rusiya-Ukrayna müharibəsi ilə başlayıb. İkinci supergüc hesab olunan Rusiya hələ də Ukraynaya qalib gələ bilmir. Qərbin ciddi dəstəyi sayəsində rəsmi Kiyev mübarizəsini davam etdirir. Halbuki Moskva bu müharibənin bir həftə ərzində yekunlaşmasını planlaşdırırdı. Lakin belə olmadı. Ukrayna xalqı azadlığı uğrunda birlik nümayiş etdirərək savaşır.
Bu mübarizə dünyanın digər bölgələrində də davam edir. Məsələn, Rusiya Moldovada keçirilən seçkilərə böyük səylə müdaxilə etməyə çalışsa da, təşəbbüsləri nəticə vermədi və qərbyönümlü partiya qalib gəldi. Bu, Kremlin Moldovada da məğlubiyyəti deməkdir”.
Politoloq qeyd edib ki, Rusiya Cənubi Qafqazda, xüsusilə Gürcüstanda ciddi şəkildə fəaldır:
“Gürcüstanın lideri rusiyalı milyarderdir və bu, Moskva ilə yaxın münasibətlərin əsas səbəblərindən biridir. Hazırda Gürcüstanla Rusiya arasında diplomatik əlaqələr yoxdur. 2008-ci il avqustun 8-də, hələ keçmiş prezident Mixail Saakaşvilinin hakimiyyəti dövründə Rusiya Gürcüstana hücuma keçdi və iki muxtar bölgəni işğal etdi. Həmin vaxtdan etibarən diplomatik əlaqələr kəsilib. Lakin arxa planda müxtəlif maraqlar çərçivəsində münasibətlər davam edir.
Elşad Həsənov
Hakim Gürcü Arzusu Partiyası son dövrlərdə Avropa xəttindən uzaqlaşıb. Ötən il Avropa İttifaqının Gürcüstana ayırdığı maliyyə yardımı da dayandırıldı. Müxalifət Qərbin dəstəyi ilə hakimiyyətə gəlməyə, seçkiləri boykot etməyə çalışdı. Tbilisidə genişmiqyaslı etiraz aksiyaları keçirildi. Hazırda da ciddi və gərgin mübarizə gedir. Qərb müəyyən mənada uduzur kimi görünsə də, bunun uzun çəkəcəyini düşünmürəm. Çünki xalq demokratiya və azad həyat istəyir. Aİ Gürcüstanla viza rejimini tamamilə dayandırarsa, ölkə çətin vəziyyətə düşə bilər. Çünki əhalinin böyük hissəsi Avropada işləməklə ailəsini dolandırır”.
E.Həsənovun sözlərinə görə, Rusiyanın Gürcüstanda siyasi qələbə qazanması mümkün deyil:
“Rəsmi Tbilisinin tam şəkildə Moskvaya meyillənəcəyi də gözlənilmir. Mübarizə davam edəcək. Ümumilikdə, Ukraynada gedən proseslərdən çox şey asılıdır. Rusiya bu müharibədə qalib gələrsə, Gürcüstan, Ermənistan, hətta Azərbaycan da daxil olmaqla region ölkələrində vəziyyət gərginləşə bilər. Çünki Moskva postsovet ölkələrini birləşdirərək yeni bir SSRİ yaratmaq niyyətindədir.
Fikrimcə, Rusiya iqtisadi baxımdan çökür və çoxsaylı sanksiyalara məruz qalır. Bu səbəbdən Ukrayna üzərində qələbə qazanması real görünmür. Əksinə, müharibə davam etdikcə Kreml daha ağır zərbələr alacaq. Rusiya enerji və neft satışı ilə dünya bazarında qalmağa çalışsa da, bu gün ölkə daxilində yanacaq və qaz çatışmazlığı yaşanır. Bütün bunlar müharibənin nəticəsidir.
Ümumilikdə, Cənubi Qafqazda Rusiyanın mövqelərinin zəifləməsi gözlənilir”.