“Müəllim yumruqla uşağımın üzünə vurdu, gözlərində problem yarandı”


Yardımlı rayonunun kəndlərindən birində yaşayan Elnur Məlikov 5-ci sinifdə oxuyan oğlunun müəllim tərəfindən döyüldüyünü iddia edir.

Turkustan.az “Qafqazinfo.az”a istinadən xəbər verir ki, məsələ ilə bağlı şikayətçi sosial şəbəkələrdə videolar yayıb.

O bildirib ki, sentyabrın 17-də övladını dərsə yola salıb. Məktəbdə olarkən isə riyaziyyat müəllimi A.Heydərov oğlunu vuraraq ona xəsarət yetirib:

“Müəllim dərs tapşırığını yaxşı yerinə yetirmədiyinə görə yumruqla uşağın üzünə zərbə endirib. Bundan sonra uşaqda güclü qorxu-stres yaranıb, evə gələndə kəkələyirdi. Bir neçə gün keçdikdən sonra övladımın problemləri daha da artdı, özündən gedir, heç kimi tanımır.

Həmçinin gözlərində, baxışlarında problem yarandı. Bir adamı 2 nəfər kimi görür. Biz uşağı xəstəxanaya apardıq. Orada bildirdilər ki, övladımda güclü qorxu yaranıb və psixologiyası pozulub. Uşağa müalicə yazdılar və qaranlıq otaqda sakit saxlamağı məsləhət gördülər”.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan bildirildi ki, hazırda həmin müraciət əsasında Yardımlı Rayon Polis Şöbəsində təhqiqat araşdırması aparılır:

“Təyin edilmiş müvafiq ekspertizanın rəyi və araşdırmanın nəticəsinə uyğun olaraq məsələyə hüquqi qiymət veriləcək”.


MANŞET XƏBƏRLƏRİ