Tramp Putini, yoxsa Putin Trampı aldadıb? Alyaska görüşü deşifrə olunur


Rusiya prezidenti Vladimir Putinlə amerikalı həmkarı Donald Tramp arasında Alyaskada keçirilən görüşün üzərindən iki aya yaxın müddət keçməsinə baxmayaraq, dünya hələ də həmin tarixi görüşü müzakirə edir. Əsas sual isə tərəflərdən hansının həmkarını adlatması yönündədir.

Publika.az-ın xəbərinə görə, Putin “Valday” klubunda sualları cavablandırarkən eyni məsələ yenidən gündəmə gəlib.

Rusiyalı tədqiqatçı, beynəlxalq məsələlər üzrə ekspert Fyodor Lukyanov soruşub: “Alyaskada görüşmək kimin ideyası idi?”

Putin isə cavabında bunu açıqlamayıb, sadəcə qeyd edib ki, “Nə fərqi var, əsas odur ki, görüşdük”.

“Moskovski Komsomolets” nəşri iddia edir ki, Alyaska görüşünün təfərrüatlarını mənbələrdən əldə edib. İddiaya görə, görüşün Alyaskada keçirilməsi təşəbbüsü Putinə məxsus olub: “İki prezident arasında görüş üçün ABŞ-ın Birləşmiş Ərəb Əmirliklərini təklif edəcəyi proqnozlaşdırılan idi. Amerikanın ikinci ideyası isə Şotlandiya ola bilərdi, hərçənd, orada siyasi elita Putinə nifrət edir. Daha sonra Putin Alyaskanı təklif etdi və qəbul olundu”.

Nəşr iddia edir ki, Moskvada Trampın nümayəndəsi Stiv Uitkoffla görüş zamanı Putin ABŞ-ın sülh planı ilə razılaşıb.

“Lakin Putin Alyaskada Ukrayna qoşunlarının tamamilə Donbasdan çıxarlılmasını tələb etdi, Tramp isə bunu nəzərə alacağını və sonra cavab verəcəyini deyib. Lakin cavab sükutla əvəzləndi və bu, hər kəsin qəbul etdiyi “susmaq razılıq əlamətidir” demək deyil, əksinə fikir ayrılığından qaynaqlanır”, - nəşr yazır. Görünür, Tramp Alyaskada Putinə müəyyən vədlər verərək, onu aldadıb.

azer.jpg (84 KB)

AĞ Partiya başqanının müşaviri, siyasi şərhçi Azər Hüseynov Musavat.com-a bildirib ki, Tramp və Putinin qarşılıqlı “aldatması” məsələsi çox mübahisəli və müzakirəyə açıq bir mövzudur:

“Hər iki liderin fərqli siyasi təcrübəsi və təmsil etdikləri güc mərkəzləri bu məsələyə sadə yanaşmağa imkan vermir. Tramp bir tərəfdən dünya miqyasında qlobal gücü - Amerika Birləşmiş Ştatlarını təmsil edir və prezidentlik təcrübəsinə sahib bir fiqurdur. Putin isə nüvə dövləti olan Rusiyanın lideridir; hazırda 2022-ci ildən bəri aktiv hərbi əməliyyatlar aparan, real döyüş təcrübəsi olan bir ordunun başında dayanır. Belə bir şəxsiyyətin asanlıqla “aldadılması” çətin görünür.

Daha maraqlı məqam odur ki, Trampın bəyanatları və xarakteri tez-tez dəyişkənlik göstərir. Xarici siyasət məsələlərində onun tez bir zamanda fikrini dəyişməsi, situasiyadan asılı mövqe tutması onun siyasi davranışının tipik xüsusiyyətidir. Putin isə əksinə, daha strateji və uzunmüddətli yanaşma sərgiləyir, bəyanatlarında daha çox hesablanmış ritorika üstünlük təşkil edir. Ona görə də bu qarşılıqlı münasibətdə bir tərəfin digərini açıq şəkildə “aldatdığını” demək doğru olmaz. Əksinə, hər iki lider müəyyən mənada bir-birinə “aldanmış kimi” görünərək siyasi manevr imkanlarını qorumağa çalışıb. Bu, həm diplomatik oyunların, həm də şəxsi liderlik üslublarının toqquşduğu bir vəziyyət idi”.


MANŞET XƏBƏRLƏRİ