"Türk Dövlətləri Təşkilatının vahid güc mərkəzinə çevrilməsini geosiyasi reallıqlar diqtə edir"


Qulamhüseyn Əlibəyli

Türk Dövlətləri Təşkilatının vahid güc mərkəzi kimi çıxış etməsi müasir geosiyasi reallıqların diqtə etdiyi zərurətdir.

Belə ki, müasir geosiyasi şəraitdə əsas güc mərkəzləri arasında dünyada nüfuz dairələrinin yenidən bölüşdürülməsi, dünyanın kəskin və sürətlə qütbləşməsi prosesi gedir. ABŞ və Avropa ilə Rusiyanın geosiyasi qarşıdurmasına Çinin qoşulması yeni qlobal və regional güc mərkəzlərinin formalaşmasını şərtləndirir. Türk dövlətlərinin coğrafiyası geosiyasi maraqların daha çox toqquşduğu məkandır. Yaxın Şərqdə İsrailin təcavüzkar siyasəti, İranın diplomatik fəallığının artması da nəzərə alınmalı olan məqamlardandır.

Belə bir şərait Türk dünyasının bir araya gələrək vahid güc mərkəzi kimi çıxış etməsini aktuallaşdırır. Türk dövlətlərinin ayrı-ayrılıqda fəaliyyət göstərməsi geosiyasi rəqabətə davam gətirmək baxımından praktiki olaraq qeyri-mümkündür. Türk dünyası yalnız vahid güc mərkəzinə çevrilməklə bu geosiyasi mübarizədən sağ-salamat çıxa, ümumi maraqlarını təmin edərək regional siyasətdə aktiv bir aktora çevrilə bilər və birgə maraqlarının digər güc mərkəzləri tərəfindən nəzərə alınmağa məcbur edə bilər.

Türk Dövlətləri Təşkilatının üzvləri arasındakı münasibətlər dövlətlərarası əlaqələrin bütün mümkün sahələrini, o cümlədən hərbi-texniki əməkdaşlıq, birgə hərbi təlimlərin keçirilməsini də nəzərdə tutur. Və indiyə kimi Azərbaycan ilə Türkiyə və digər türk dövlətlərinin iştirakı ilə birgə bir neçə hərbi təlimlər keçirilib. Lakin bu hərbi təlimlər ikitərəfli xarakter daşıyır. Qəbələ sammitində isə təşkilatın bütün üzvlərinin iştirakı ilə çoxtərəfli hərbi təlim keçirilməsi təklif olunur. Bu da türk dövlətləri arasında siyasi və hərbi əməkdaşlığın yeni bir mərhələyə keçidi kimi qiymətləndirilə bilər. Birgə təlimlər türk dövlətlərinin silahlı qüvvələrinin peşəkarlığını artırar, birgə fəaliyyətinin əlaqələndirilməsi təcrübəsini formalaşdırar, orduların maddi-texniki və silahla təchizatında vahid standartların yaranmasına kömək edər.

Əlbəttə, birgə təlimlərin keçirilməsi hələ vahid ümumtürk hərbi ittifaqının yaradılması demək deyil. Lakin birgə təlimlərin keçirilməsi ümumtürk hərbi ittifaqının (bəzi dairələrdə “Türk NATO-su da adlandırılır) yaradılması yolunda ilk addımlardan biri ola bilər. Həm də nəzərə almaq lazımdır ki, bu gün türk dövlətləri içərisində hərbi cəhətdən daha çox inkişaf etmiş Türkiyə NATO-nun üzvüdür. Azərbaycan ikitərəfli hərbi əməkdaşlığa üstünlük verməklə heç bir hərbi blokda təmsil olunmur. Mərkəzi Asiyanın Türk dövlətləri isə “rus NATO-su” adlandırılan Kollektiv Təhlükəsizlik Müqaviləsi təşkilatının üzvləridir. Ona görə də ümumtürk hərbi ittifaqının yaradılması nə qədər arzuedilən olsa da yaxın perspektivdə gerçəkləşməsi çətin görünür. Bu gerşəkləşmə uzaq perspektivdə olsa da ABŞ-ı, Avropanı, Rusiyanı, Çini, İsraili və İranı indidən qorxu bürüyüb.


MANŞET XƏBƏRLƏRİ