Ət ucuzlaşacaq - BU TARİXDƏN


Pakistan Azərbaycana ət ixracına başlamaq üçün rəsmi icazə alıb və tədarükün operativ şəkildə həyata keçirilməsi məqsədilə yaxın vaxtlarda yerli idxal şirkətləri ilə əməkdaşlıq qurmağı planlaşdırır.

Bu barədə ölkənin Ticarətin İnkişafı İdarəsi (TDAP) məlumat yaylıb. Bu, Pakistanın Heyvanların Karantini Departamentinin Azərbaycan tərəfinin müəyyən etdiyi bütün baytarlıq və qida tələblərini uğurla yerinə yetirməsi sayəsində mümkün olub. İslamabad indi ixraca başlamağa hazırlaşır.

Pakistandan ət idxalı bazardakı qiymətlərə təsir edəcəkmi?

Mövzu ilə bağlı Bizim.Media-ya danışan Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirdi ki, Pakistandan Azərbaycana ətin idxalına icazə verilməsi qiymətə təsir edə bilər, amma bu, avtomatik olaraq “ət ucuzlaşacaq” demək deyil:

“Ətin ucuzlaşması bir neçə amildən asılıdır. İlk növbədə yerli istehsal artmalıdır. Nəzərə alaq ki, Azərbaycanda ət istehsalı artırılması planlaşdırılır. Məqsəd 2027-ci ilə qədər bütün növlər üzrə ətin istehsalını artırmaqdır. Belə olacağı təqdirdə ət ucuzlaşa bilər. Məlumdur ki, Pakistan bazarında istehsal xərcləri, xüsusilə işçi qüvvəsi, yer, bəzi xərclər daha aşağıdır. Əgər bu məhsul idxal xərcləri ilə birlikdə satış bazarında daha ucuz qiymətə təklif olunarsa, o zaman ətin qiyməti aşağı düşə bilər.

Nəzərə alaq ki, bir dəfəlik idxal qiymətləri ucuz ola bilər. Amma davamlı və böyük miqyasda ucuzlaşma davam edə bilməz. Ətin qiymətinin davamlı şəkildə aşağı salınması üçün birinci növbədə yerli istehsal artırılmalıdır, ikinci addımsa ət idxalçıları arasında sağlam rəqabət yaradılmalıdır”.

Müsahibimizin fikrincə bütün hallarda Pakistandan ət idxalı bazar qiymətlərinə təsir edəcək:

“Mənim fikrimcə, Pakistandan ətin idxalının başlaması qiymətləri müəyyən şəkildə aşağı salacaq. Xüsusilə orta şəhərlərdə və müəyyən bölgələrdə bunu görə biləcəyik. Lakin ucuzlaşma idxal prosesindən sonra baş verəcək. Bunun üçün bir-iki ay gözləməli olacağıq”.


MANŞET XƏBƏRLƏRİ