Qəbələdə keçirilən 12-ci Türk Dövlətləri Sammiti Kremlə bağlı media strukturlarında açıq narahatlıq doğurub.
Turkustan.az Musavat.com-a istinadən xəbər verir ki, Rusiya mətbuatı dünəndən etibarən panika içində Azərbaycan və Türkiyə liderlərinin çıxışlarını, həm də bu sammitin özünü “anti-Rusiya manifesti” kimi təqdim edir. Moskva nəşrləri yazır ki, Türk Dövlətləri Təşkilatı (TDT) artıq “mədəni klub” olmaqdan çıxıb, geosiyasi subyektə çevrilir və “vahid hərbi struktur”un yaradılması istiqamətində real addımlar atılır.
Putinin doğum günü münasibətilə Əliyevdən aldığı təbrik zəngi Moskva üçün artıq ikinci plana keçib — indi bütün diqqət Qəbələdən gələn siqnallara yönəlib. Baxmayaraq ki, Putinin sözçüsü Peskov bu zəngi "olduqca müham" adlandırmış, sevincini və həyəcanını gizlətməmişdi. Lakin o zəng xəbərinin yayılmasından sonra Prezident Əliyevin Qəbələdə etdiyi çıxış şimal qonşumuzu olduqca narahat edib. Bütün Rusiya mediası bu barədı yazır: "Azərbaycan mərkəzli yeni hərbi format yaranır". Moskva üçün bu, regionda Türk liderliyinin qəti təsdiqi kimi qiymətləndirilir.
“Rybar” və “Caucasar” kimi Kremlin yaxın kanallarında, RBC kimi Kreml senzurası ilə çıxan resurslarda yayılan yazılarda qeyd olunur ki, Prezident İlham Əliyev sammitdə 2026-cı ildə üzv dövlətlərin birgə hərbi təlimlərinin keçirilməsini təklif edib. Bu təşəbbüs, rəsmi izahda “təhlükəsizliyin möhkəmləndirilməsi və inteqrasiyanın artırılması” kimi təqdim olunsa da, Moskva bunu “Türk hərbi alyansının rəsmi başlanğıcı” kimi görür.
“Azərbaycan rəhbərliyi TDT-ni artıq mədəni-iqtisadi təşkilat kimi deyil, yeni hərbi-siyasi blok kimi formalaşdırır. Əliyevin təklifi bu birliyin ‘Türk NATO’suna’ çevrilməsinin ilk siqnalıdır,” – deyə Rusiya mənbələri yazır.
Bakı – Türk dünyasının strateji mərkəzi
Kreml mediası yazlr ki, Qəbələ sammitindən öncə Azərbaycan Müdafiə naziri Böyük Britaniyanın səfiri Fergüs Old və hərbi attaşe Qevin Tarbard ilə görüşərək Qərblə təhlükəsizlik dialoqunu genişləndirmişdi. Rusiya mətbuatı bu görüşü “Türkiyə–Azərbaycan–Britaniya hərbi üçbucağının formalaşması” kimi təqdim edir.
“Əliyev ‘ümumtürk təlimləri’ ideyasını irəli sürərək həm Türkiyə ilə ittifaqı möhkəmləndirir, həm də Britaniyanın regiondakı hərbi təsirinə yeni çıxış qazandırır. Bakı yeni geosiyasi formatın mərkəzinə çevrilir,” – deyə “Rybar” qeyd edir.
Moskva üçün siqnal – Türk Dövlətləri artıq güc mərkəzidir
Rusiyanın “PolitNavigator” nəşri yazır ki, Türk Dövlətləri Təşkilatı artıq “kultural klub” deyil, reallıqları dəyişdirən güc mərkəzidir. Sammitdə qəbul edilən qərarlar, xüsusən də “Tramp marşrutu” adlandırılan Zəngəzur dəhlizi və birgə müdafiə təşəbbüsləri Rusiyanın regiondakı təsirini zəiflədir.
“Türk dünyasının hərbi-siyasi inteqrasiyası artıq reallıqdır. Bakı və Ankara bu birliyi vahid doktrinal platformaya çevirirlər,” – deyə rus nəşrləri vurğulayır.
Rusiyanın reaksiyası – “Turan ordusu” qorxusu
Kremlə yaxın teleqram kanalları Azərbaycanı və Türkiyəni “Turan ordusu” ideyasını reallaşdırmaqda ittiham edir. Rusiya Müdafiə Nazirliyinə bağlı “Caucasar | Rybar” səhifəsində yayımlanan təhlildə “Türk hərbi inteqrasiyası Azərbaycanın təşəbbüsü ilə doğulub” ifadəsi açıq şəkildə yer alır.
Bu, Kremlin uzun illər boyu qorxduğu ssenarinin – Türk dünyasının vahid hərbi struktura çevrilməsinin artıq işə düşdüyü anlamına gəlir.
Nəticə: Qəbələdən başlayan yeni arxitektura
Musavat.com-a görə, Qəbələ sammiti Türk Dövlətləri Təşkilatının tarixində dönüş nöqtəsi sayıla bilər. Azərbaycan və Türkiyə liderlərinin tandemi bu dəfə “bölgədə sabitlik və təhlükəsizlik” prinsipi əsasında tamamilə yeni güc sisteminin konturlarını cızdı.
Moskva isə bu prosesə yalnız müşahidəçi kimi baxa bilir — çünki Türk dünyasının yüksəlişi artıq dayandırıla bilməz. Çünki Kreml Azərbaycana münasibətdə yanlış hərəkətlər etdi və etməkdədir. Bunun da nəticəsində Putin hakimiyyəti Güney Qafqazda kiçildi: Ermənistan - Azərbaycan arasındakı sülh prosesindən qovuldu; Zəngəzur dəhlizinə ABŞ daxil edildi; Türk Dünyası Rus Dünyasına alternativə çevrildi!
Hə, bir də... Putinin yerinə Trampı "işə aldıq..."
"Давай, до свидания, Володя..."