Suriyadakı qarşıdurmanın pərdəarxası - İsrailin müdhiş planları


Son günlər Suriyada gərginlik pik həddə çatıb. İsrail paytaxt Dəməşqdə Baş Qərargaha və digər hərbi obyektlərə hava zərbələri endirib. Rəsmi Tel-Əviv bu zərbələri “Druz icmasına dəstək” adı ilə əsaslandırır.

Suriyada vəziyyətin yenidən gərginləşməsinin səbəbi nədir?

Siyasi şərhçi Elçin Xalidbəyli Bakupost.az -a bildirib ki, ABŞ-nin dəstəyi ilə İsrail Yaxın Şərqdə yeni düzən qurmağa çalışır. Suriyanın sabitləşməsi isə bu planlara uyğun gəlmir:

Bakupost.az

"İsrailin Suriya ilə münasibətlərində hərbi gərginliyin yaranması təbii ki, onun regionda dominant dövlət olmaq niyyətindən qaynaqlanır. Hazırda Yaxın Şərq regionu yenidən dizayn olunur. Bu yeni dizaynda Yaxın Şərqin əhatə dairəsinin genişləndiriləcəyi gözlənilir. Üstəlik bu prosesdə İsrailin daha güclü mövqelər qazanmasına cəhd göstərilir.

Təbii ki, bu prosesin arxasında əsasən ABŞ dayanır. ABŞ Yaxın Şərqin yenidən dizayn olunaraq İsrailin ön plana çıxarılması strategiyasının əsas ssenari müəllifidir. Hazırda uzun illərdən bəri daxili xaos yaşayan Suriyada nəhayət ki, sabitlik imkanları yaranmışdı və Suriyanın ərazi bütövlüyü, suverenliyi şərtləri daxilində unitar dövlət sisteminin bərpa olunma ehtimalı vardı. Yeni hökumət artıq bəzi proseslərə nəzarəti ələ keçirməyə bacarıb. Ancaq bu, İsrailin maraqlarına qətiyyən cavab vermir. Rəsmi Təl-Əviv hesab edir ki, Suriyada güclü dövlətin bərpa olunması İsrail üçün ciddi təhlükə vəd edir. Ona görə də İsrail əlindən gələn hər şeyi edir ki, Suriyada parçalanmanı, ziddiyyətləri və xaosu yenidən bərpa etmək mümkün olsun. Məqsəd odur ki, bununla da Suriya hələ uzun illər daxili xaosun hökm sürdüyü və vətəndaş müharibəsinin davam etdiyi bir ölkəyə çevrilsin".

Politoloq qeyd edib ki, bəzi məlumatlara görə, İsrail Suriyanın nəzarət bölgələrinə bölünməsində maraqlıdır. Xüsusilə də dörd bölgəyə bölünməsini istəyir:

"Bu dörd bölgədən biri İsraillə həmsərhəd olan bölgədir. İsrail orada druzların muxtariyyət qazanmasına cəhd göstərir. Hazırda məhz druzların mərkəzi hökumətlə, yəni Suriyanın yeni hökuməti ilə qarşıdurmasının kənardan idarə edildiyi qətiyyən şübhə doğurmur. Bunu bəhanə gətirən İsrail Suriyaya zərbələr endirməyə başlayıb.

Yəni bütün bunları ümumiləşdirdikdə belə anlaşılır ki, Suriyada sabitliyin yaradılması üçün hələ çox ciddi cəhdlər göstərmək lazım gələcək. Çünki ən azından bəzi dövlətlər, xüsusilə də İsrail kimi dövlətlər Suriyanın sabitlik şəraitində inkişaf edərək güclü dövlətə çevrilməsində qətiyyən maraqlı deyillər".


MANŞET XƏBƏRLƏRİ