Rusiyanın Ukraynadakı aqressiv müharibəsindən sonra Almaniyada təhlükə anlayışı dəyişdiyindən, Berlin Senatı paytaxtdakı xəstəxanaları mümkün hərbi hücum ssenarilərinə qarşı hazırlamaq məqsədi daşıyan yeni mülki müdafiə planı hazırlayıb.
Turkustan.az xəbər verir ki, Berlin Senatının hazırladığı və hərbi xəstəxana və paytaxtdakı digər 12 xəstəxana ilə əməkdaşlıq çərçivəsində aparılan araşdırmada milyonlarla insanın yaşadığı metropolda hərbi hücumlar, qarşıdurmalar və infrastrukturun çökməsi kimi ən pis ssenarilər nəzərə alınıb.
İki illik zəhmətin məhsulu olan “Mülki Müdafiə Xəstəxanaları” adlı çərçivə planı xəstəxana rəhbərliyinə təqdim edilib. Bütün plan təhlükəsizlik səbəbi ilə gizli saxlanıldı.
Senatın bəyanatında deyilir ki, plan böhran zamanı xəstəxana xidmətlərinin və təchizat zəncirlərinin necə qorunacağı və yaralıların necə təxliyə ediləcəyi və müalicə ediləcəyi kimi kritik suallara cavab axtarır.
Berlin əyalətinin səhiyyə üzrə senatoru İna Czyborra, mövcud fövqəladə və fəlakətlərə cavab sistemlərinin güclü olduğunu vurğulayaraq, "Dəyişən təhlükəsizlik mühiti səbəbindən mülki müdafiə imkanlarımızı əvvəlki illərlə müqayisədə daha da genişləndirməliyik" dedi.
Czyborra bildirib ki, bu hazırlıqlar təkcə böhran dövründə deyil, sülh dövründə də təhlükəsizliyi təmin edəcək.
Aytən Yaşar/ Turkustan.az