"Bakı şəhərinin daxili işlər orqanları ilə birlikdə qarşılıqlı işgüzar münasibətlər qurulmaqla həyata keçirilən tədbirlər nəticəsində 2025-ci ilin birinci yarımilində törədilən 12 qəsdən adam öldürmə cinayətinin üstü açılıb".
"Qəsdən adam öldürmə, özünü öldürmə həddinə çatdırma, oğurluq, mənimsəmə və israf etmə, dələduzluq, hədə-qorxu ilə tələb etmə, xuliqanlıq, narkotik vasitələrlə bağlı cinayətlər, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, o cümlədən ölümlə nəticələnən yol-nəqliyyat hadisələrinin sayı azalıb”.
Turkustan.az xəbər verir ki, bunu Bakı şəhər prokurorluğunun 2025-ci ilin I yarımilinə həsr olunan əməliyyat müşavirəsində Bakı şəhər prokuroru Elşən Abbasov deyib.
Onun sözlərinə görə, qəsdən adam öldürməyə cəhd, qəsdən sağlamlığa ağır və az ağır zərər vurma, adam oğurluğu, quldurluq, ekoloji cinayətlərin sayında isə artım müşahidə olunub.
Xatırladaq ki, 2025-ci ilin birinci yarımili ərzində Bakı şəhərinin prokurorluq və daxili işlər orqanları üzrə cəmi 7 549 törədilmiş cinayət hadisəsi qeydə alınıb. Onlardan 92.6 faizinin üstü açılıb./Bizim.Media