ABŞ-ın 100 illik Zəngəzur planı açıldı – 1919-cu ildə bölgədə nə baş verib?


ABŞ-ın Türkiyədəki səfiri Tom Barakın Zəngəzur dəhlizi ilə bağlı məlum təklifi günlərdir müzakirə edilir. Xatırladaq ki, Tom Barak bildirmişdi ki, dəhlizə nəzarəti 100 illik müddətə nüfuzlu Amerika şirkəti icarəyə götürə bilər. Barak əlavə edib ki, bu təklifi, əslində, Türkiyə verib və ABŞ razılaşıb. Lakin Ermənistan tərəfi bildirib ki, həmin şirkət yolun Naxçıvanda olan hissəsində də fəaliyyət göstərsin, Azərbaycan isə bunu qəbuledilməz adlandırıb.

ABŞ-ın Zəngəzur dəhlizinə marağı təsadüfi və ya heç də yeni deyil. 1919-cu ilin yay aylarında ingilislərin bölgədə mövqelərinin zəiflədiyini görən ABŞ burada daha fəal siyasət yürütməyə başlayır. Sentyabr ayında Paris konfransının Ermənistana Ali komissar təyin etdiyi polkovnik V.Haskel Naxçıvan və Şərur-Dərələyəz torpaqlarını əhatə edən “bitərəf zona” yaradılması layihəsini Azərbaycan hökumətinə təqdim edir. Bu layihəyə görə zona onun təyin etdiyi amerikalı qubernatorun idarəsində olmalı idi. Əhalinin güclü müqaviməti ilə rastlaşan və məqsədlərinə nail ola bilməyən Amerika nümayəndələri 1919-cu ilin sonu -1920-ci ilin əvvəllərində Naxçıvanı tərk edirlər.

Maraqlıdır ki, təxminən 100 il sonra ABŞ Zəngəzura yenidən maraq göstərir. İndi də Rusiyanın mövqeyinin regionda zəifləməsi fonunda Vaşinqton Zəngəzur dəhlizinə kontrolu ələ keçirməyə salışır.

Milli Məclis sədrinin müavini, professor Musa Qasımlı Globalinfo.az-a açıqlamasında bildirib ki, 1920-ci ildə Zəngəzurun bolşevik Rusiyasının təzyiqləri ilə Azərbaycan tərəfindən Ermənistana verilməsi bir sıra amillərlə bağlı idi:

musa qasimli eaqs

Musa Qasımlı

“Bolşevik xadimləri bu məsələdə başlıca olaraq vətəndaş müharibəsinin və xarici hərbi müdaxilənin getdiyi Rusiyanın strateji maraqlarını güdürdülər. Onların fikrincə, gələcəkdə türk hökuməti siyasətini dəyişdirib Qərb dövlətləri ilə yaxınlaşa bilərdi. Əgər türk ordusu Gümrüdə qalardısa Azərbaycanla ümumi sərhəd qazanardı, Qərb dövlətləri türk ordusu ilə birlikdə Cənubi Qafqaza, Azərbaycana daxil olardılar, Bakıdan isə sovet hakimiyyəti əleyhinə güclü üsyanların baş verdiyi Şimali Qafqazdan keçməklə Rusiyanın paytaxtına gedən qısa yol açılmış olardı. Beləliklə, hakimiyyətin varlığına son qoyulardı”.

M.Qasımlı qeyd edib ki, Birinci Dünya müharibəsinin nəticəsində ABŞ gücünü Böyük Britaniya ilə bərabərləşdirsə də, Anadoluya və Cənubi Qafqaza bir neçə missiya göndərsə də, regionu hələ kifayət qədər yaxşı tanımırdı:

“O zaman bir neçə amili əsas götürərək Birləşmiş Ştatlar bu regiona gəlmədi. Onlardan da biri dövlətin xarici siyasətində təcridçilik-izolyasionizm xəttinin seçilməsi idi.

İndi isə şərait tamamilə fərqlidir. O vaxt Zəngəzurla bağlı fərqli mövqedə olan dövlətlərin demək olar ki, hamısı bu gün zəifdir. ABŞ-ın gücü onlardan üstündür. Deməli, niyyəti gerçəkləşdirmək üçün qəti siyasi iradəyə və tərəf saxlamadan bərabərhüquqlu münasibətlər qurmağa ehtiyac vardır”.

Millət vəkilinin sözlərinə görə, Zəngəzur dəhlizinin açılması və “parçala, hökm sür” siyasəti ilə regionu uzun illər boyu qan çanağına çevirənlərin buradan çıxarılması sabitlik, əməkdaşlıq və xalqların rifahı üçün vacib şərtdir. Dəhlizin işə düşməsi gerçək sülh və əməkdaşlıq istəyən hamının faydasınadır.


MANŞET XƏBƏRLƏRİ