Daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsi üçün tələb olunan sənədlərin əhatə dairəsi genişləndirilir.
Bu,“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın təsdiq edilməsi barədə” fərmana edilən dəyişiklikdə əksini tapıb.
Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə Azərbaycan Respublikasının ərazisində yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair qüvvədə olmuş qanunvericilikdə nəzərdə tutulan bir sıra sənədlərin tərkibi də dəyişir.
Onlardan biri 2001-ci il yanvarın 1-dək inşa edilmiş yaşayış evlərinə və (və ya) onların yerləşdiyi torpaq sahələrinə, eləcə də yaşayış evlərinin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair həmin tarixədək verilmiş təsərrüfatbaşına kitablarından çıxarış və ya həmin çıxarışlar əsasında verilmiş arayışlardır.
Qeyd edək ki, bu gün yalnız Abşeron və ətraf qəsəbələr deyil, xüsusilə də bölgələrdə, kəndlərdə inşa edilən evlərin əksəriyyətinin “kupça”sı yoxdur. Yeni qayda bu evlərin sənədləşməsinə imkan verəcəkmi?
Məsələ ilə bağlı daşınmaz əmlak məsələləri üzrə ekspert Elnur Azadov “Cebheinfo.az”-a bildirib ki, bəzi daşınmaz əmlaklar qanunsuz şəkildə 2001-ci ilədək tikilib və onların özəlləşdirilməsi üçün rüsum ödənilmir:
“Bu tarixdən sonra verilən torpaqların özəlləşdirilməsi üçün vətəndaş tərəfindən rüsum, yəni bazar qiyməti ilə həmin torpağın dəyəri ödənilməlidir. O vaxta kimi verilən torpaqlar Sovet hökuməti dağılandan sonra pay torpaqlarına və digər kateqoriyalara aid olduğuna görə rüsum tələb olunmur.
Eyni qaydada da sənədləşmə, özəlləşdirmə üçün tələb olunan arayışlar, sərəncamlar verilməsində dövlət bu addımı atır ki, evlər leqallaşsın. Yəni leqallaşmaq üçün ilkin addım atılır. Sonrakı proseslərdə də məsələyə tədricən baxılacaq. Kənd və qəsəbələrdə verilmiş bu torpaqlar, onların üzərində inşa olunmuş evlərin tanınması üçün bu proses həyata keçirilir. Həmin evlərə “kupça”veriləcək”.
Bununla yanaşı, ikinci məsələ odur ki, həmin torpaqlar kənd təsərrüfatı təyinatlıdır və onlarla bağlı qərarı gözləmək laızmdır:
“Bir çox kənd, qəsəbələrdə olan torpaqların əksəriyyəti kənd təsərrüfatı təyinatlıdır. Onların da üzərində əmlakların inşasına qanunla yol verilmir. Bu baxımdan, torpaqların təyinatı dəyişdirilməlidir.
Ölkə başçısının 2024-cü il 28 sentyabr tarixdə “Torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında fərmanı var. Bu barədə müvafiq qurumlar hansı işlərin görüldüyü barədə məlumat verməlidir”.