“Bu təzyiq təkcə daxili siyasi hesablamalarla deyil, həm də Türkiyə və Azərbaycanla əldə olunan yeni razılaşmalarla bağlıdır”
“Ermənistanın Baş naziri Nikol Paşinyan faktiki olaraq, Sünik (Zəngəzur) vasitəsilə Azərbaycana dəhliz verilməsinə razılığını təsdiqlədi. Bu, əvvəllər təkzib edilirdi”. Turkustan.az xəbər verir ki, bu sözləri “Facebook” səhifəsində Ermənistanın müxalif “Daşnaksütyun” Partiyasının Ali Orqanının nümayəndəsi, “Ermənistan” blokundan olan deputat İşxan Saqatelyan yazıb.
"Paşinyan nəhayət ki, Erməni Apostol Kilsəsinə, milli xeyriyyəçilərə, “Daşnaksütyun”dan olan və digər müxalifətçilərə qarşı repressiyaların yeni raundunun əsl səbəbini açıqladı. Bu təzyiq təkcə daxili siyasi hesablamalarla deyil, həm də Türkiyə və Azərbaycanla əldə olunan yeni razılaşmalarla bağlıdır. Bu diktator davranışının dərinliklərində başqa bir güzəşt forması var - Zəngəzur dəhlizi. Ermənistanın suverenliyinin və yurisdiksiyasının məhdudlaşdırılacağı dəhliz. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın danışdığı “daha çevik yanaşma”nın mahiyyəti budur”, Saqatelyan qeyd edib.
Onun sözlərinə görə, bu həm də geosiyasi məsələdir: “Təkcə Ermənistan üçün deyil, bütün region üçün yeni tufanın başlanğıcıdır. Bu proqram təkcə Ermənistanın dövlət maraqlarına deyil, həm də beynəlxalq tərəfdaşlarının maraqlarına ziddir. Bu bölgəyə qeyri-regional qüvvələr daxil etməklə, Nikol rejimi gözlənilməz nəticələri olan yeni zorakılıq və qeyri-sabitlik zəncirinin başlanğıcını qoyur. Bu təklif kontekstində müzakirə olunan Amerika və Avropa şirkətlərinin qeyd edilməsi sadəcə yemdir və proqramın yeganə və əsas benefisiarlarının Türkiyə və Azərbaycan olmadığı təəssüratı yaradır. Ermənistanın real müttəfiqləri Azərbaycanın Qarabağ üzərində nəzarətinin bütün mənfi nəticələrini indi hiss edirlər. Regiondankənar qüvvələrin Zəngəzurda daxil olması vəziyyəti daha da pisləşdirəcək”.
“Qarşılaşdığımız repressiyalara baxmayaraq, biz Ermənistanın türkləşdirilməsi proqramına qarşı mübarizə aparacağıq. Biz bunu bu proqramın təhlükəsini dərk edən xalqımızla birlikdə edəcəyik. Biz Ermənistanı türk vilayətinə çevirmək proqramının qarşısını almaq üçün əlimizdən gələni edəcəyik”, - Saqatelyan vurğulayıb. /ayna.az/