Bir zamanlar strateji tərəfdaş və dost ölkə kimi tanınan Ermənistan və Rusiya arasında münasibətlərdə ciddi dəyişiklik müşahidə olunur. Tərəflər artıq bir-birinə diplomatik notalar göndərir, qarşılıqlı tənqid və ittihamlarla çıxış edirlər.
Gərginliyin dərinləşdiyi bu şəraitdə Ermənistanın siyasi kursunu dəyişdiyi görünür. Rəsmi İrəvan Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşdırmağa çalışarkən, Moskva ilə məsafə saxlamağa başlayır.
Maraqlıdır görəsən Ermənistan və Rusiya arasında münasibətlərdə dəyişikliklər nədən qaynaqlanır? Əgər Ermənistan və Azərbaycan sülh müqaviləsi imzalayarsa, Rusiya bunun qarşılığında hansı addımları ata bilər? Turkustan.az olaraq bu suallarımızı politoloq Tural İsmayılova ünvanladıq.
Tural İsmayılov
Rusiya-Ermənistan münasibətlərində müşahidə olunan gərginlik sadəcə soyuqlaşma deyil — bu, strateji xəyanətin Moskvaya təqdim olunmuş rəsmi protokoludur. Ermənistan artıq təkcə siyasi oriyentasiyasını deyil, geosiyasi kimliyini də dəyişməkdədir. Yəni Ermənistan nəinki Rusiya ilə müttəfiqlikdən imtina edir, həm də özünün tarixən sığındığı təhlükəsizlik paktlarını – istər KTMT, istərsə də Avrasiya layihələrini – sıradan çıxarır.
Əgər Ermənistan Azərbaycanla sülh müqaviləsini imzalayarsa, bu, yalnız bir regional sənəd deyil, Cənubi Qafqazda Moskvanın vasitəçi statusunun hüquqi şəkildə ləğvi deməkdir. Bu zaman Rusiya ya özünü prosesdən kənarda qalmış passiv oyunçu kimi aparacaq, ya da “çirkin müttəfiq” psixologiyası ilə revanşist addımlar ata bilər.
Bu, Kremlin gözündə Ermənistanın yalnız özündən deyil, özündən artıq olanlardan qorunmaq kimi uydurma “təhlükəsizlik mifini” də yandırıb külə çevirməkdir.
Rusiya üçün indi əsas məsələ Paşinyanı cəzalandırmaqdan çox Ermənistandakı qərbyönlü kursu təcrid etməkdir. Kreml bu məqsədlə daxildə sosial-siyasi təlatümləri stimullaşdıra, iqtisadi alətlərdən təzyiq vasitəsi kimi istifadə edə və hətta regional balansı pozacaq yeni gərginlik ocaqlarını aktivləşdirə bilər.
Moskva susmur – o, sadəcə baxır. Və baxdıqca anlayır ki, Ermənistanla illərlə qurduğu münasibətlər indi bir Paris görüşündə, bir Brüssel masasında birdəfəlik silinir. Bu, diplomatik deyil, geopolitik təhqirdir.
Əgər bu proseslər belə davam edərsə, Cənubi Qafqazda tarixi mərkəz dəyişir. Artıq masanı Rusiya qurmur, Rusiya sadəcə ora dəvət olunmur.
Aytən Yaşar/ Turkustan.az