Papa XIV Leo Qəzzada kilsəyə hücumu pislədi və atəşkəsə çağırdı


Katoliklərin ruhani lideri və Vatikanın prezidenti Papa XIV Leo İsrailin Qəzza şəhərində Müqəddəs Ailə Kilsəsinə (Latın monastırı) təşkil etdiyi hava zərbəsi ilə bağlı dərin təəssüf hissi keçirdiyini bildirib və dərhal atəşkəsə çağırıb.

Turkustan.az xəbər verir ki, Vatikan Mətbuat Ofisinin yaydığı açıqlamada qeyd olunur ki, Papa hücum nəticəsində həyatını itirənlərin ailələrinə başsağlığı verib və yaralananlara mənəvi dəstəyini ifadə edib.

Papa XIV Leo-nun mesajında deyilir: “Qəzzada Müqəddəs Ailənin Katolik Kilsəsinə edilən hərbi hücum nəticəsində həlak olanların və yaralananların olmasından dərin təəssüf hissi keçirirəm. Kilsənin keşişi Qabriel Romanelliyə və bütün camaata yaxınlığımı bildirirəm. Dərhal atəşkəs elan olunmalı, bölgədə dialoqa və sülhə qayıdış təmin edilməlidir”.

İtaliyadakı Katolik Kilsəsinin ali orqanı olan İtalyan Yepiskoplar Konfransı (CEI) da məsələ ilə bağlı rəsmi mövqe bildirib. Onlar hücumu “qəbuledilməz” adlandıraraq, Qəzza zolağında aylardır davam edən müharibənin yaratdığı dağıntı və ölümün sonlandırılması üçün beynəlxalq ictimaiyyəti təcili tədbir görməyə çağırıblar.

Fələstinin rəsmi xəbər agentliyi WAFA-nın məlumatına görə, İsrailin Müqəddəs Ailə Kilsəsinə etdiyi hücum nəticəsində kilsəyə sığınan iki qadın həlak olub, 7 nəfər isə yaralanıb. Kilsə ərazisinə sığınan mülki şəxslərin hücuma tuş gəlməsi bölgədəki humanitar vəziyyətin daha da pisləşdiyini göstərir.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ