Azərbaycanlı bloger Ermənistana buraxılmadı - Video


Rusiyada yaşayan azərbaycanlı bloger Rüstəm Şükürov Ermənistana səfər etmək istəsə də, ölkəyə girişinə icazə verilməyib.

Turkustan.az Oxu.az-a istinadla xəbər verir ki, o, bu barədə paylaşdığı videoda danışıb.

Blogerin sözlərinə görə, Ermənistan sərhədində pasportunu yoxlayan əməkdaşlar onun azərbaycanlı olduğunu öyrəndikdən sonra əlavə yoxlamaya başlayıblar. Bloger bir neçə saat ərzində sorğu-sual edildiyini, telefonunun yoxlanıldığını və fəaliyyəti ilə bağlı suallar verildiyini bildirib.

Rüstəm Şükürov qeyd edib ki, sərhədçilər ona ölkəyə girişinə icazə verilməyəcəyini, qərarın xüsusi xidmət orqanları tərəfindən qəbul edildiyini bildiriblər.

Bununla belə, bloger sərhədçilərin ona qarşı mehriban davrandığını və Ermənistanı görmək istəyinə müsbət yanaşdıqlarını vurğulayıb.

Rüstəm Şükürov Ermənistan və Azərbaycan xalqları arasında sülhün bərqərar olmasını, insanların qarşılıqlı səfərlər edə bilməsini arzuladığını deyib və gələcəkdə Ermənistana getmək ümidini itirmədiyini bildirib.


MANŞET XƏBƏRLƏRİ